Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında üçtərəfli memorandumun imzalanması mərasimi keçirilib.
Eləcə də bax: UNEC ilə Dövlət Xidməti arasında memorandum - İMZALANIB
UNEC-dən FED.az-a verilən xəbərə görə, Hesablama Palatasında keçirilən imzalanma mərasimində Palatanın sədri Vüqar Gülməmmədov, UNEC-in rektoru professor Ədalət Muradov, Gürcüstan Dövlət Audit İnstitutunun direktoru Gela Tsiklauri və digər qonaqlar iştirak ediblər.
Qurum rəhbərləri memorandumunun məqsədinin Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasında elmi-praktik əlaqələrin inkişaf etdirilməsi, ixtisaslı kadr hazırlığının təmin olunması, qarşılıqlı maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməklə münasibətlərin inkişafının təşviq edilməsi, təhsilalanların peşə-təcrübi bilik və bacarıqların artırılması, eləcə də “Dövlət sektorunda audit”in həyata keçirilməsi istiqamətində potensial kadr hazırlığının təmin edilməsi olduğunu bildiriblər. Əməkdaşlığın hər üç tərəf üçün faydalı olacağından əminliklərini ifadə ediblər.
Çıxışlardan sonra Hesablama Palatası, UNEC və Gürcüstan Dövlət Audit İnstitutu arasında üçtərəfli memorandum imzalanıb.
Memoranduma əsasən “Dövlət sektorunda audit” istiqaməti çərçivəsində Hesablama Palatasının əməkdaşları tərəfindən UNEC tələbələri üçün mühazirə, təlim və ustad dərslərin keçirilməsi, birgə layihələrin, konfrans və seminarların təşkili, həmçinin kadr hazırlığının təmin edilməsi məqsədilə yüksək təhsil göstəricisi olan tələbələrlə Hesablama Palatasının əməkdaşlarının görüşü, müvafiq sahə üzrə yüksək nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi, Palatanın müvafiq struktur bölmələrində təcrübə və əlavə təlimlərin keçirilməsi nəzərdə tutulub.