Azərbaycan peşə təhsilinə çoxdan gözlənilən yatırımlara başlayır.
FED.az xəbər verir ki, bu gün prezident İlham Əliyev «Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» sərəncam imzalayıb.
Sərəncama əsasən, qarşıdakı 5 ildə ölkədə 21 yeni peşə təhsili mərkəzi yaradılacaq.
Sərəncamda bildirilir ki, əmək bazarının tələblərinə uyğun keyfiyyətli peşə təhsili məşğulluq səviyyəsinə və əmək məhsuldarlığına ciddi töhfə verir. Ölkənin inkişafı və əmək bazarının dəyişən tələbləri əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadrlara tələbatı artırmaqla yanaşı, müasir standartlara uyğun yeni peşə təhsili müəssisələrinin yaradılmasını zəruri edir.
Sərəncama əsasən 2026‒2030-cu illərdə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsi tikiləcək, daha 2 peşə mərkəzi isə əsaslı təmir ediləcək. Bu işlər üçün vəsait Neft Fondundan ayrılacaq.
Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, ölkədə peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair tədbirlər planını dörd ay müddətində təsdiq etsin. Elm və Təhsil Nazirliyi isə tikiləcək və təmir ediləcək peşə mərkəzlərinin siyahısını təsdiq edib, lazım olan vəsaitin illər üzrə bölgüsünü hazırlayıb Dövlət Neft Fonduna təqdim etməlidir.
Neft Fondu da öz növbəsində bu pulların ayrılmasını təmin etməlidir.










