Elm və təhsil naziri Emin Əmrullayev Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə ilk dəfə 15 sentyabr "Bilik günü"nü qeyd edən müəllim və şagirdlərlə görüşüb.
Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin - AÇILIŞI OLDU
FED.az xəbər verir ki, 30 ildən sonra ilk dəfə tədrisə başlayan 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Elm və Təhsil Nazirliyinin əməkdaşları və valideynlər iştirak ediblər. Tədbirdə bildirilib ki, Füzuli şəhərində inşa olunan ilk məktəb binası 960 şagird yerlikdir. Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəb Özbəkistan tərəfindən tikilib.
2023-2024-cü tədris ilində sözügedən məktəbdə XI sinifdə 160 şagird təhsil alacaq, onların təlim-tərbiyəsi ilə 15 müəllim məşğul olacaq.
Qeyd edək ki, 960 şagird yerlik ikimərtəbəli məktəb binasında 24 nəfərlik 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana mövcuddur. Məktəb üçün ayrılan 3 hektar ərazi futbol meydançası, 8 söhbətgah, uşaqlar üçün oyun meydançası, elektrik şəbəkəsi binası, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binalardan ibarətdir. (Apa)