Dubay hökuməti büdcəyə vəsait cəlb edilməsi üçün iki yeni rüsum növü tətbiq edir. Yerli KİV-lərdə verilən məlumata görə, bu rüsumlar geniş spektrli dövlət xidmətlərinin təqdim edilməsinə görə tutulacaq.
FED.az xəbər verir ki, BƏƏ-nin vitse-prezidenti və Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid bu haqda qanun imzalayıb. Həmin qanuna əsasən Əmirlikdə 10 dirhəm məbləğində “təhsil rüsumu” tətbiq edilir. Bu vəsait Dubayda təhsil və mədəniyyət layihələrinin maliyyələşdirilməsinə yönələcək. Yeni rüsum Dubayda bütün dövlət xidmətlərinə, o cümlədən fəaliyyətindən əldə edilən gəlirlərin Dubay xəzinəsinə yönəldildiyi federal dövlət orqanları tərəfindən göstərilən xidmətlərə də tətbiq ediləcək.
Dubay hökmdarı 10 dirhəm məbləğində “innovasiya rüsumu” tətbiq edilməsi barədə də qanun imzalayıb. Bu rüsum hesabına əldə ediləcək gəlir innovasiya layihələrinin inkişafına və innovasiya proseslərinin dəstəklənməsinə ictimaiyyətin cəlb edilməsinə yönəldiləcək. “İnnovasiya rüsumu” dövlət orqanları tərəfindən təqdim edilən bütün xidmətlərə görə tutulacaq, əldə edilən vəsait isə Dubayın “Gələcək fondu”na köçürüləcək.
Bildirilir ki, dövlət xidmətləri ləğv ediləcəyi halda “təhsil” və “innovasiya” rüsumları geri qaytarılmayacaq. 50 dirhəmdən az olan tranzaksiyalardan da rüsum tutulmayacaq. Qanuna görə dövlət idarələri tərəfindən təqdim edilən tibbi xidmətlərin haqqından, habelə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrdən rüsum tutulmayacaq.