Azərbaycan dövlətinin xətti ilə xarici universitetlərdə təhsil alan gənclərin ən böyük hissəsi Türkiyədə oxuyur. Böyük Britaniya isə tələbə sayına görə ikinci yerdə qərarlaşıb.
FED.az xəbər verir ki, 2025/2026-cı tədris ilinin əvvəlində dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı 2 045 nəfər təşkil edib.
Onlardan 715 nəfəri Türkiyədə, 438 nəfəri Böyük Britaniyada, 212 nəfəri Macarıstanda, 174 nəfəri ABŞ-də, 158 nəfəri Rusiyada təhsil alır.
Çində dövlət xətti ilə təhsil alan gənclərin sayı 104 nəfər, Almaniyada 44 nəfər, İtaliyada 28 nəfər, Latviyada 26 nəfər, Avstriyada isə 23 nəfərdir.
Ümumilikdə xaricdə dövlət xətti ilə təhsil alan gənclərin 1 872 nəfəri MDB-dən kənar ölkələrin, 173 nəfəri isə MDB ölkələrinin universitetlərində oxuyur.
Türkiyənin payı ümumi göstəricinin təxminən 35 faizinə, Böyük Britaniyanın payı isə 21,4 faizinə bərabərdir. Bu iki ölkənin birlikdə payı 56 faizi ötür.
Beləliklə, dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlı gənclərin yarıdan çoxu yalnız iki ölkədə – Türkiyə və Böyük Britaniyada cəmləşib.













