Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
FED.az xəbər verir ki, sərəncamla “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 noyabr tarixli 2995 nömrəli sərəncamı) aşağıdakı dəyişikliklər edilib:
Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 300 manatdan 360 manatadək, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 180 manatdan 216 manata qədər artırılıb.
Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manatadək artırılıb.
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manatadək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 120 manatdan 144 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 80 manatdan 96 manatdək artırılıb.
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manatdək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 110 manatdan 132 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək artırılıb.
orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,
akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatadək,
akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatadək artırılıb.
Peşə təhsili müəssisələrində:
akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,
akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatdək,
akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatdək artırılıb.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.