«Bizim kursda sinifdə məşğələ keçirilmirdi, sadəcə testlər paylanılırdı ki, şagirdlər evdə məşğul olsunlar. Onsuz da bir həftədən sonra işə başlayırıq, niyə özümüzə problem yaradaq?!».
Bunu FED.az-a açıqlamasında Mingəçevirdəki «Finance Academy» hazırlıq mərkəzinin sahibi, kiçik sahibkar Nazif Lətifov bildirib.
Xatırladaq ki, bu gün Daxili İşlər Nazirliyi Mingəçevirdə karantin qaydalarını pozan hazırlıq kursu aşkar edildiyini elan edib. Məlumatda bildirilir ki, «Fınance Academy» hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Onun sözlərinə görə, əslində kursda bütün məşğələlər onlayn keçirilir, kursla bağlı pozuntu qeydə alması dünən baş verib. «Bizim müəllimlərdən biri şagirdlərə test tapşırıqlarını vermək istəyirdi ki, evdə məşğul olsunlar. Onlar sadəcə testləri götürməyə gəlmişdilər, hətta bəzi şigirdlər valideynləri ilə gəlmişdilər. Ümumilikdə 12-13 nəfər olvardılar və bütün proses 15-20 dəqiqə çəkdi. Amma elə həmin vaxt polislər gəlib burada məşğələ keçirildiyini bildirərək, tədbirlər görməyə başladılar».
DİN-in açıqlamasında bildirilir ki, «Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub»-deyə nazirlik ictimaiyyətə açıqlama verib.
N.Lətifov isə deyir ki, həm obyektin qarşısındakı küçədə, həm də kursun girişində kameralar var və onlara baxaraq uşaqların kursa nə vaxt gəldiyini müəyyən etmək olardı: «Mən polislərə dedim ki, bu kameralara baxıb araşdırma apara bilərlər, amma istəmədilər, bizi bölməyə aparıb izahat aldılar və guya inzibati pozuntuya görə işi məhkəməyə göndərdilər».
Sahibkar bildirir ki, polislər ttəbiq ediləcək cərimənin məbləği barədə də ona düz məlumat verməyiblər: «Mənə dedilər ki, kursu 4-5 min manat cərimə gözləyir, amma kursun sahibi mənəm, öyrəndim ki, fiziki şəxs olduğuma görə cərimə 200-400 manat arasındadır».
Mingəçevirdə fəaliyyət göstərən «Fınance Academy» hazırlıq kursu əsasən ali məktəblərə hazırlaşan abituriyentlərlə məşğul olur. N.Lətifov bildirir ki, 2020-ci ilin sentyabrdan işə düşən müəssisədə 5 müəllim çalışır, indiyədək normal fəaliyyyət göstərib qazanc əldə edə bilməyiblər: «Kursumuz sentyabrın 20-də fəaliyyətə başladı, amma sonra vətən müharibəsi başladı, Mingəçevir də atəşə tutuldu və biz fəaliyyəti dayandırmalı olduq. Müharibə zamanı onlayn da məşğul ola bilmədik, çünki internet bağlanmışdı. Müharibədən sonra isə karantin başladı, onlayn məşğul olmağa başladıq».
İş adamı bildirir ki, fevralın 1-dən real olaraq fəaliyyətə başlamağa hazırlaşırlar, ona görə də həmin vaxta bir həftə qalmış kursu işə salıb cərimələnmək fikirləri yox idi: «Onsuz da bir həftədən sonra işə düşürük, nəyə lazımdır ki, qanunu pozub özümüzü zərərə salaq, uşaqlar buraya testləri götürmək üçün gəlmişdilər, polisə də dedim araşdırın istəmədilər».
Nazirlik elan edib ki, N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Sahibkarın sözlərinə görə isə, əgər məhkəmə onu cərimələsə, o da qarşılıqlı iddia qaldıracaq.