Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərinin əmək haqları orta hesabla 25 faiz, işçilərin maaşı isə 20 faiz artırılıb.
FED.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.
Eləcə də bax: Peşə məktəbi müəllimlərinin – YENİ MAAŞLARI – MƏBLƏĞ
Məlumat üçün qeyd edək ki, Ölkə prezidenti cənab İlham Əliyevin cari ilin yanvarından başlayaraq sosial sferaya aid qəbul etdiyi qərarlar, imzalanan sərəncamlar sosial-iqtisadi siyasətin dövlətin əsas prioritetlərdən biri olduğunu təsdiqləyir. Ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirilən işlərin miqyası gündən-günə genişlənir və bu tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Yaxşı bir haldır ki, əhalinin bütün təbəqələrini əhatə edən sosial islahatlar paketində təhsil işçiləri də xüsusi yer tutur.
Yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı verilən qərarlar bu islahatların tərkib hissəsidir. Bu qərara əsasən müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Şübhəsiz ki, bu addım təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına hesablanıb. Eyni zamanda bu qərar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə, bütövlükdə təhsil müəssisələrinin inkişafına müsbət təsir edəcək.
Nazirlər Kabinetinin bu qərarı Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivi tərəfindən də məmnunluqla qarşılanıb. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova bu qərardan irəli gələrək müəllimlərin əmək haqlarının orta hesabla 25 faiz, işçilərin maaşının isə 20 faiz artırılması barədə əmr imzalayıb.
AzEdu