Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat başlanır.
FED.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, qeydiyyat 26 maydan 12 iyun tarixinədək aparılacaq.
İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (ödəniləcək məbləğ barədə sistem tərəfindən avtomatik olaraq istifadəçiyə məlumat verilir) edirlər.
Aşağıdakı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirin) imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- şəhid ailəsinin üzvləri;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
4 mayda keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul alan abituriyentlərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər 29 iyunda keçiriləcək II Azərbaycan dili imtahanından qeyri-məqbul aldıqları təqdirdə müsabiqəyə buraxılmayacaqlar.
Məlumat üçün bildirək ki, qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak üçün 40 manat ödəniş tələb olunur.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də baş tutub. I və IV qruplar üzrə isə imtahan iyunun 1-də keçiriləcək. İyunun 22-də isə III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan baş tutacaq.