Artıq ikinci gündür ki, Bakı Slavyan Universitetində tələbələrin qeydiyyatı aparılır. Universitet rəhbərliyinin göstərişi ilə qeydiyyat tam sadələşdirilib. Tələbələri müşayiət edən valideynlərin rahatlığı üçün binanın daxilində bütün zəruri şəraiti yaradılıb.
Sənəd qəbulu bütünlüklə elektronlaşıb, ortaya çıxan problemlər baza məlumatı əsasında yerindəcə həll olunur.
Sənəd qəbulu üzrə komissiyasının məsul katibi, dosent Nəsib Cəbrayılov artıq birinci turda plan üzrə yerlərin 85 faizinin dolduğunu bildirib. O, bu il universitetə 1085 tələbənin qəbulunun nəzərdə tutulduğunu, həmin yerlərdən isə artıq 920-nin dolduğunu qeyd edib.
Onun sözlərinə görə, bu il Bakı Slavyan Universitetini seçən tələbələr keçən ilkindən 100 nəfər artıq olub. O, bunu universitetin getdikcə daha artıq nüfuz qazanması, texniki və tədris keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirir.
Universitetin elmi işlər üzrə prorektoru Rafiq Novruzov bildirib ki, BSU yüksək hazırlıqlı kadrlar yetişdirmək üçün bütün imkanlardan istifadə edir.
Universitetdə fəaliyyət göstərən beş fakültədə 30-a yaxın ixtisas - Regionşünaslıq, beynəlxalq münasibətlər, tərcümə, xarici dillər üzrə müəllimlik, jurnalistika, filologiya və s. tədris edilir.
BSU-da bəzi ixtisaslar üzrə (Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı) qiyabi təhsil də mümkündür.