Bu gündən Dövlət Proqramı çərçivəsində yeni tədris ili üzrə sənəd qəbulu başlayır.
Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı açıqlanıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumat yayıb.
Qeyd olunub ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu bu gündən açıq elan olunur.
Sənəd qəbulu üçün son tarix iyunun 5-i saat 18:00-dır.
Xatırladaq ki, yanvarın 12-də Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.
Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "Times Higher Education", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il "TOP 10" sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.













