Bu gündən Azərbaycanın təhsil müəssisələrində tədris bərpa edilir.
Eləcə də bax: Pandemiya zamanı müəllimlər üçün qoyulan - Tələblər Açıqlandı
FED.az xəbər verir ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.
Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant, X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant, ali təhsil müəssisələrində isə sentyabrın 15-dən distant formalarda başlayır.
2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir.
Şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132734, XI sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir.
Yeni tədris ilində 121696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Nazirlər Kabineti bu ilin mart ayının 3-dən ölkə ərazisindəki bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması barədə qərar qəbul etmişdi.