“İstər 20, istərsə də 80 yaşında öyrənməyi dayandıran şəxs qoca hesab edilir. Biliklərini davamlı surətdə artıran şəxs isə daim cavan qalır”.
Bunu Bakı Ali Neft Məktəbinin (BANM) məzun törənində çıxış edən BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib.
Öz tələbəlik illərini xatırlayan Q.Counz təcrübəsinə əsaslanaraq gənclərə tövsiyyələrini də verib:
“Sizə 3 məsləhət vermək istəyirəm. Birincisi qarşınıza böyük hədəflər qoyun. Bu yerə gəlib çatmaq üçün böyük əmək sərf etmisiniz. İndi isə bu ali məktəbin məzunu kimi ölkənizə və ümumilikdə dünyaya böyük töhfə vermək üçün möhtəşəm mövqeyə çatmısınız. Öz məzunluq dövrümü yadıma salanda düzünü desəm əminlikdən daha çox şübhə hissi keçirirdim və qarşıma çıxacaq imkanları tamamilə düzgün qiymətləndirmirdim. Qarşınıza çıxan imkanlardan faydalanın. Hədəfinizə çatmaqda sizi həvəsdən sala biləcək insanlara qulaq asmayın. Şübhəsiz ki, verilən məsləhətləri dinləyin. Lakin öz hədəfinizə sadiq qalın və öz yolunuzu izləyin.
İkincisi, uğursuz nəticələrdən qorxmayın. Öz komfort zonanızdan çıxmaq üçün yeni təcrübələri sınamağa çalışın. Həyatda heç bir nailiyyət bəzi uğursuzluqları yaşamadan əldə olunmur. İnsan həyatda ən çox uğursuzluqlardan və çətinliklərlə mübarizədən öyrənir. Geriyə nəzər saldıqda hesab edirəm ki, yaşadığım uğursuzluqlar mənim uğurlarım üçün mütləq şəkildə əhəmiyyətli rol oynayıb.
Üçüncüsü, hər şey münasibətlərdən asılıdır – siz insanlarla necə rəftar edirsiniz, necə davranıb ünsiyyət qurursunuz, mötivasiya edirsiniz. İnsanlara hörmətlə yanaşın və müxtəlif fikirlərə açıq olun. Siz ən ağıllı və istedadlı şəxs ola bilərsiniz. Lakin heç kimi sizi dinləmək və izləmək istəmirsə sizin nailiyyətiniz çox kiçik olacaq”.