Bugün sizlərə çox maraqlı ola biləcək ISIC, ISIC Scholar, ITIC və IYTC kart növlərindən bəhs etmək istərdik. Düşünürük ki, bu məqalə ələlxüsus tələbələr, şagirdlər, müəllimlər və gənclər üçün səfərə çıxdıqları zaman çox faydalı və yararlı olacaqdır.
1. ISIC (International Student Identity Card) - Beynəlxalq Tələbə Vəsiqəsidir.
İSİC 1968-ci ildə YUNESKO-nun himayəsi altında Beynəlxalq Tələbə Səyyahlar Konfederasiyası (ISTC) tərəfindən təsis edilmişdi. ISIC qlobal şəbəkəyə malikdir və hazırda bütün dünyada təxminən 4.5 milyon tələbə tərəfindən istifadə olunur.
Deyə bilərik ki, bu kart tələbənin statusunu təsdiq edən yeganə beynəlxalq sənəddir. Bu kart vasitəsilə tələbələr dünyanın 120 ölkəsində beynəlxalq güzəştlər və bonuslar, daha dəqiq desək, 42 000-dən artıq endirim və xüsusi güzəştlər əldə edir. Məsələn, kart sahiblərinə 250 mindən çox nəqliyyat, qidalanma, yaşayış obyektlərində, həmçinin muzey və aviakassalarda güzəştlər təklif olunur. Deməli, ISIC kartı tələbələr üçün beynəlxalq güzəştlər və bonuslar kartı, eləcə də tələbənin beynəlxalq vəsiqəsi kimi nəzərdən keçirilə bilər.
ISIC kartından istifadənin üstünlükləri bunlardır:
-
Ölkənin daxilində və onun hüdudlarından kənarda güzəştlərdən istifadə etmək
-
Tələbənin statusunu dünyanın 120 ölkəsində təsdiq etmək
-
Aviabiletlər üzrə güzəşt əldə etmək və səyahət etmək
-
Görməli yerləri, muzeyləri və s. ziyarət edərkən endirimlər əldə etmək
-
Adi tariflərdən 80% aşağı tariflər üzrə ISIConnect beynəlxalq telefon rabitəsinin xidmətlərindən istifadə etmək
-
Help Desk xüsusi xidmət vasitəsilə kart sahiblərinə gecə-gündüz xidmət göstərilir. Telefon kartın üzərində göstərilir.
ISIC kartı ali təhsil alan və yaşı 12-dən yuxarı olan hər kəs, yəni yuxarı sinif şagirdləri, tələbələr, aspirantlar və b. üçün nəzərdə tutulmuşdur.
Bu kartın rəsmiləşdirilmə üsulu isə çox sadədir. Bunun üçün sadəcə tələbə bileti, şəxsiyyət vəsiqəsi, 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil və kart üçün nəzərdə tutulan vəsaiti götürüb kartı təqdim edən ofisə yaxınlaşmaq lazımdır. Azərbaycanda bu kartı AG Bank və STI travel agentliyinin ofislərindən əldə etmək olar.
Qeyd edək ki, kart 1 illik müddətə verilir və təxmini qiyməti AG Bank-da (Maestro Student) 12 AZN, STI travel agentliyində isə 16 AZN təşkil edir.
Daha ətraflı məlumat üçün AG Bank (https://www.agbank.az) və STI travel agentliyinin (http://www.sti.az/) ofisləri ilə əlaqə saxlaya bilərsiniz.
2. İSİC Scholar kartı – Beynəlxalq məktəbli vəsiqəsidir.
İSİC Scholar kartı da ISIC kartı ilə demək olar ki, eyni üstünlüklərə malikdir, lakin bu kart sırf məktəblilər üçün nəzərdə tutulmuşdur. Bu kartın üstünlükləri aşağıdakılardır:
-
Ölkə daxilində və onun hüdudlarından kənarda güzəştlərdən istifadə etmək
-
Dünyanın 120 ölkəsində məktəbli statusunu təsdiq etmək
-
Aviabiletlər üzrə güzəşt əldə etmək və səyahət etmək
-
Adi tariflərdən 80% aşağı tariflər üzrə İSİConnect beynəlxalq telefon rabitəsinin xidmətlərindən istifadə etmək.
-
Gəzməli yerləri muzeyləri və s. endirimlə ziyarət etmək.
Sözügedən kartı rəsmiləşdirmək üçün sadəcə məktəbdən arayış, şəxsiyyəti təsdiq edən sənəd, 3x4 ölçüdə 2 rəngli fotoşəkil və müəyyən edilmiş vəsaiti təqdim etmək kifayətdir.
Kart 1 illik müddətə verilir və STI travel agentliyinin ofisindən 16 AZN-ə əldə edilə bilər.
Daha ətraflı məlumat üçün STI travel agentliyinin (http://www.sti.az/) ofisi ilə əlaqə saxlaya bilərsiniz.
3. IYTC (Youth Card) - Gənclər üçün Vəsiqə
Bu kart gənc olan, lakin artıq təhsil almayan 30 yaşınadək şəxslər üçün nəzərdə tutulmuşdur. Əgər siz də dünyanın 120 ölkəsində vəsaitinizə qənaət etmək və güzəştli aviabiletlər almaq istəyirsənsə, onda İYTC vəsiqəsini alıb istifadə edə bilərsiniz.
IYTC kartının üstünlükləri:
-
Ölkə daxilində və dünyanın 120 ölkəsində güzəştlərdən istifadə etmək
-
Gənclər üçün nəzərdə tutulmuş xüsusi tariflər üzrə dünyanın ən iri aviaşirkətlərinin biletlərini əldə etmək.
IYTC kartını 12 yaşından 30 yaşınadək olan hər kəs rəsmiləşdirə bilər. Yuxarıda adıçəkilən digər iki kartdan fərqli olaraq, IYTC kartını əldə etmək üçün təhsil almanız heç də vacib deyildir. Rəsmiləşdirmə prosesi üçün sizdən sadəcə şəxsiyyət vəsiqəsi, 3x4 ölçüdə 2 rəngli fotoşəkil və rəsmiləşdirmək üçün nəzərdə tutulmuş vəsait tələb olunacaqdır. Kartın istifadə müddəti rəsmiləşdirildiyi andan etibarən 1 ildir. Kartı STI travel agentliyinin ofisindən 16 AZN-ə əldə etmək olar.
Daha ətraflı məlumat üçün STI travel agentliyinin (http://www.sti.az/) ofisi ilə əlaqə saxlaya bilərsiniz.
4. ITIC (Teacher Card) - Beynəlxalq Müəllim Vəsiqəsi
ITIC - bütün dünyada tanınan rəsmi beynəlxalq müəllim vəsiqəsidir. Azərbaycanda ali təhsil müəssisələrin müəllimləri (30 yaşdan yuxarı olmayanlar) üçün yaradılan yeganə İD/diskont/ödənişli kartdır. Hal-hazırda dünyanın 120 ölkəsində tanınır.
Bir daha vurğulayaq ki, bu kart müəllimlər üçün nəzərdə tutulmuşdur və onlara ödənişlər və alış-veriş etmək, nağd pul çıxarmaq, 250 mindən çox nəqliyyat, qidalanma, yaşayış obyektlərində, həmçinin muzey və aviakassalarda güzəştlər əldə etmək imkanlarını verir.
ITIC kartının üstünlüklərini bir daha qeyd edək:
-
bütün dünyada tanınan rəsmi beynəlxalq müəllim vəsiqəsidir;
-
hazırda dünyanın 120 ölkəsində tanınır;
-
250 mindən çox strukturdan istifadəyə - yəni yaşamağa, qidalanmağa, müxtəlif nəqliyyat vasitələrinə - görə güzəştlər təklif edir.
ITIC kartını təhsil müəssisələrinin müəllimləri ala bilər. Rəsmiləşdirmək üçün sizdən sadəcə müəllim vəsiqəsi, şəxsiyyət vəsiqəsi, 3x4 ölçüdə 2 rəngli fotoşəkil və rəsmiləşdirmək üçün nəzərdə tutulmuş vəsait tələb olunacaqdır. Kartın istifadə müddəti 1 ildir. Kartı AG Bank-dan (12 AZN) və STI travel agentliyindən (16 AZN) əldə etmək olar.
Daha ətraflı məlumat üçün AG Bank (https://www.agbank.az) və STI travel agentliyinin (http://www.sti.az/) ofisləri ilə əlaqə saxlaya bilərsiniz.
Sonda qeyd edək ki, yuxarıda adını çəkdiyimiz kartların əsas yaradılma ideyası odur ki, məktəblilər, tələbələr, müəllimlər və gənclər səyahət edərkən, o cümlədən gəzməli yerləri ziyarət edərkən, xaricdə təhsil alarkən vəsaitlərinə qənaət edə bilsinlər, həmçinin öz vətənlərində və dünyanın 120-dən çox ölkəsində lisenziyalı ofislər sistemi vasitəsilə beynəlxalq güzəşt sisteminə daxil olmaq imkanını əldə edə bilsinlər.
Fed.az redaksiyası olaraq bu məqalədən lazımınca faydalana biləcəyinizə ümid edirik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.