Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilən ali təhsil müəssisələrinin ixtisasları siyahısına Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası əlavə olunub. Sərəncama əsasən, Azərbaycan və ingilis dili bölmələri üzrə (hər birində 5 tələbə olmaqla) 10 nəfərin bu ixtisasa qəbulu planlaşdırılır.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bununla bağlı Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və BDU-nun Hüquq fakültəsi arasında vergi hüququ ixtisası üzrə tədrisin bilavasitə təşkili istiqamətində müvafiq işlərin görülməsi məsələləri müzakirə olunub. Eyni zamanda, müvafiq ixtisas üzrə tədris planı, tədris yükünün müəllim heyəti arasında bölgüsü, tədrisin təşkilində Dövlət Vergi Xidmətinin, habelə BDU-nun elmi-pedaqoji kadr potensialından səmərəli istifadə olunması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.