SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Mədinə Ziyadxanova Yaponiyanın Okinava Elm və Texnologiya İnstitutunun (OIST) tədqiqat təcrübə proqramını qazanıb.
FED.az xəbər verir ki, o, professor Marko Eduardo Rostinin rəhbərliyi altında "Mürəkkəb Axın və Mayelər" departamentində tədqiqat aparacaq. Bütün xərclər Okinava Elm və Texnologiya İnstitutu tərəfindən qarşılanır. Təcrübə proqramı isə 29 iyun -11 sentyabr tarixlərində baş tutacaq.
Məqsəd turbulent axın şərti altında reaktorun effektivliyini optimallaşdırıb daha səmərəli üsulla məhsul əldə etməkdir.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən OIST-də tədqiqat aparmaq üçün dünyaca məşhur alimlər müraciət edir. Bu müraciətlərin yalnız 10-14%-i müsbət nəticə alır.
Onu da vurğulayaq ki, Mədinə hazırda Orta Doğu Texniki Universitetində (ODTU) mübadilə proqramı ilə təhsilini davam etdirir.