SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və “SABAH.academy” MMC arasında anlaşma memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memorandumu Ali Məktəbin rektoru Elmar Qasımov və SABAH.HUB-ın Baş icraçı direktoru Rəhim Bayramlı imzalayıblar.
İmzalanma mərasimində SABAH.HUB-ın İdarə Heyətinin üzvü Fərhad Paşayev, o cümlədən BANM-ın administrativ heyəti iştirak edib.
Memorandum çərçivəsində ikitərəfli əməkdaşlığın qurulması, birgə elmi-tədqiqatların aparılması, innovativ layihələrin işlənib hazırlanması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı dəstəyin göstərilməsi planlaşdırılır. Bununla yanaşı, BANM tələbələri üçün istehsalat təcrübələrinin, “Sahibkarlığa giriş kursu”nun və “Hackathon” müsabiqəsinin təşkili, təlim və treninqlərin keçirilməsi, eləcə də əməkdaşlarının müvafiq təlimlərə cəlb edilməsi nəzərdə tutulur.
Rektor qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, gələcəkdə yaradılacaq 'Sabah City' texnoparkında Ali Məktəbin də iştirak etmək niyyətində olduğunu bildirib. Habelə, “SABAH.Hub”-un dəstəyilə yaradılmış “Baku ID” İnnovasiya Festivalında BANM-ın hər iki komandasının 100 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyünü xatırladıb.
Rəhim Bayramlı isə çıxışında əməkdaşlığa görə təşəkkür edərək, "Əlbəttə ki, ilk gəldiyimiz yer BANM olmalı idi. Biz bu tərəfdaşlığın daha da inkişaf etməsini ümid edir, gələcəkdə daha çox uğura imza atacağımıza inanırıq”, - deyə vurğulayıb.