SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci illiyinə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfranslarının açılış mərasimi keçirilib.
Bu barədə FED.az-a BANM-dən bildirilib. BANM-in rektoru Elmar Qasımov tədbirin açılışında bildirib ki, artıq altı ildir keçirilən bu beynəlxalq konfranslara maraq ildən-ilə artır. Vurğulanıb ki, konfransların əsas məqsədi tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, onları beynəlxalq elmi ictimaiyyətə inteqrasiya etdirmək, eləcə də müasir elmi texnologiyalar sahəsində fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. Rektor, həmçinin BANM-in gənc alimlərin yetişdirilməsinə xüsusi önəm verdiyini qeyd edib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov beynəlxalq elmi tədbirlərin ölkəmizdə elmin inkişafına və gənclərin elmi fəaliyyətə marağının artmasına böyük töhfə verdiyini vurğulayıb. Nazir müavini BANM-in müasir texnologiyalar və avadanlıqlarla təchiz edildiyini, 102 Prezident təqaüdçüsündən 33-nün BANM tələbəsi olduğunu qeyd edib. Bildirib ki, bu, Ali Məktəbin yüksək təhsil səviyyəsini və tələbələrinin potensialını nümayiş etdirir.
SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov çıxışında BANM-in son illərdə qazandığı uğurları xüsusi vurğulayıb. Tədbiri BANM-in uğurlu fəaliyyətinin məntiqi davamı və Ali Məktəbin tələbə və gənc tədqiqatçıların inkişafına verdiyi önəm kimi qiymətləndirib. Habelə hər gün tələbələrin qələbə və müvəffəqiyyət xəbərlərini almasının BANM-in yüksələn mükəmməlliyinin göstəricisi olduğunu qeyd edib.
Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov çıxış ediblər. Qeyd olunub ki, bu cür beynəlxalq konfranslar gənclər üçün əvəzolunmaz təcrübə sahəsi yaradaraq, elmi müzakirələrə qatılmalarına və biliklərini artırmalarına imkan verir, bununla da onları gələcəkdə daha güclü alimlər və mütəxəssislər kimi yetişdirir.
BANM-in tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova konfrans haqqında məlumat verib. Qeyd olunub ki, builki konfranslara yerli və xarici gənc tədqiqatçıdan 340 müraciət daxil olub. Müraciətlərdən 300-ü müsbət rəy alıb ki, bu da ümumi müraciətlərin 80 faizini təşkil edir. BANM-dən isə 198 tələbə və gənc tədqiqatçı bu mühüm elmi tədbirə qoşulub. Beynəlxalq iştirakçılar tərəfindən təqdim olunan 19 müraciətdən 18-i qəbul olunub. Bu il əvvəlki illərlə müqayisədə rekord sayda, 12 müxtəlif ölkədən – ABŞ, Böyük Britaniya, Portuqaliya, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Polşa, Sinqapur, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan və Rusiya kimi ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri iştirakçılar arasında yer alıblar.
Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfransları “Dayanıqlı Kimya və Kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2025” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edir.