SOCAR-ın Bakı Ali Neft Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-cu ildönümünə həsr olunmuş “Kiçik və Orta Biznesin (KOB) Gələcəyi: Potensial, Çağırışlar və İnnovativ Həllər” mövzusunda III BANM Biznes Forumu keçirilib.
FED.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumları, elmi-akademik ictimaiyyətin nümayəndələri ilə birlikdə, 250-dən çox iş adamı iştirak edib.
Forumda BANM-ın rektoru Elmar Qasımov açılış nitqi ilə çıxış edib. Ali Məktəbin #biznes və #elm arasında körpü rolunu oynadığını, bu cür forumların isə universitetin strateji inkişaf planlarında xüsusi yer tutduğunu deyib.
KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, “BERC&Partners”in həmtəsisçisi və biznes üzrə ekspert Kənan Ağayev və Mərkəzi Asiya Universitetinin (CAU) Biznes fakültəsinin dekanı Odiljon Abdurazzakov çıxış ediblər.
Ölkədə KOB sektorunun inkişafının iqtisadiyyatın şaxələndirilməsi, məşğulluğun artırılması və innovasiyaların təşviqi baxımından vacibliyi vurğulanıb. Natiqlər KOB-ların üzləşdiyi əsas çağırışlar, rəqabət qabiliyyətinin artırılması və dövlət dəstəyi barədə fikirlərini səsləndiriblər.
Daha sonra forum çərçivəsində panel sessiyalar təşkil olunub. SOCAR-ın Strateji İdarəetmə və İnnovasiyalar Departamentinin rəis müavini Təbriz Əmmayev və “Veysəloğlu” Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova moderator qismində çıxış ediblər.
Sessiyalarda müxtəlif sahələr üzrə mütəxəssislər KOB-ların rəqabət qabiliyyətinin artırılması, idarəetmə modelləri, #maliyyə alətləri və rəqəmsal transformasiya mövzularında fikir mübadiləsi aparıblar.
Spikerlər - BANM-ın Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov, “BERC&Partners”dən Kənan Ağayev və KOBİA-nın şöbə müdiri Altun Yasinli KOB mühitinin təkmilləşdirilməsi və bu sahədəki çağırışlara toxunublar. Eləcə də Azərbaycan Fintex Assosiasiyasının icraçı direktoru Azər Əkbərov və insan resursları üzrə ekspert Mübariz Şahbazlı texnoloji trendlər, FinTech imkanları və KOB-larda insan kapitalının önəmini iştirakçılarla bölüşüblər.
Forumun həmtəşkilatçıları BANM, KOBİA və “BERC&Partners” olub.