Təhsil və elm

Bakıda təhsil və karyera sərgisi keçiriləcək

Bakıda təhsil və karyera sərgisi keçiriləcək | FED.az
21:11 17 Sen 2018
Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində on ikinci Azərbaycan beynəlxalq təhsil - “Education 2018” sərgisi keçiriləcək.  Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan bu sərgi, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers (CEO)” şirkəti, baş sponsoru isə “Kapital Bank”dır.

CEO-dan FED.az-a verilən məlumata görə, bu il Azərbaycan, Türkiyə, Avstriya, Almaniya, Belarus, Çexiya, Latviya, Litva, Rusiya, Özbəkistan və digər ölkələrdən olan iştirakçılar sərgidə təmsil etdikləri dövlətlərin məktəb, gimnaziya, kollec, universitet və kurslarını təqdim edəcəklər. Litva (Study in Lithuania), Rusiya (Study in Russia), Türkiyə (Study in Turkey) və Çexiya təhsil ocaqlarında təhsil imkanlarının nümayiş olunduğu milli stendləri ilə çıxış edir. Yerli ali təhsil müəssisələri arasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Texnologiya Universiteti (Gəncə) və digər təhsil müəssisələri yer alır. Bu il “Dərs evi” dil kursları və “Sevimli bala” uşaq bağçası sərgidə ilk dəfə iştirak edir. Sərgidə yerli “CELT Colleges” şirkəti isə xaricdə təhsil proqramı və həmçinin dil kurslarını təqdim edir.

Bu il sərgidə fəal iştirak edəcək Təhsil Nazirliyi də öz stendində qurumun plan və proqramları barədə ətraflı məlumat verəcək.

Sərginin işgüzar proqramı çərçivəsində valideynlər və sərgi iştirakçılarının xaricdə təhsil məsələləri ilə məşğul olan şirkətlərlə “B2B” formatlı görüşləri keçiriləcək. Həmçinin “Azərbaycanda və ya xaricdə təhsil? Məşhur sual” və “Ali təhsil üçün düzgün ölkə seçimi və ora aparan yol” mövzularında seminarlar təşkil olunacaq.

Təhsil sərgisi ilə paralel 12-ci Azərbaycan Beynəlxalq Karyera - “Career 2018” sərgisi də keçiriləcək.

Sərgiyə 9-11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr, valideynlər və təhsil sahəsinin peşəkarları qatıla bilərlər. Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az linkindən əldə etmək mümkündür.

 

Digər xəbərlər