Aprelin 18-də Bakı Dövlət Universitetində (BDU) SOCAR istiqrazları və “İqtisadiyyat 2.0” mövzusunda konfrans keçirilib.
FED.az xəbər verir ki, BDU və SOCAR Capitalın birgə təşkilatçılığı ilə keçirilən tədbiri açan rektor Elçin Babayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələrdən danışıb, qurumun həm də elmi-tədqiqat işləri ilə məşğul olan şirkət kimi çoxşaxəli işlər gördüyünü qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin uğurlu nəticələrini, innovativ inkişaf xəttini diqqətə çatdırıb. Rektor innovasiyalar, startaplar və elmi nəticələrin kommersiyalaşdırılmasından danışıb, qısa müddət ərzində regionda həm də elm, təhsil sahəsində liderə çevrilməklə bağlı fikirlərini bölüşüb.
Eləcə də bax: Bakı Dövlət Universiteti sahibkarlıqla məşğul ola biləcək – YENİLİK
BDU-nun SOCAR-la əlaqələrini, universitetdə keçirilən əmək yarmarkasında şirkətin müxtəlif qurumlarının aktiv iştirakını vurğulayan rektor konfransın işinə uğurlar arzulayıb və tələbələr üçün faydalı olacağını bildirib.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutan SOCAR-ın beynəlxalq səviyyəli şirkətə çevrilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Gənclərin əksəriyyətinin SOCAR-da işləmək istəyindən danışaraq öz ixtisasına yüksək səviyyədə yiyələnmiş, ali təhsilli gənclərə hər zaman ehtiyac olduğunu vurğulayıb. O, SOCAR-ın tələbələr üçün həyata keçirdiyi xarici və daxili təqaüd proqramları haqqında məlumat verib, bu layihələrin qalibi olmuş məzunların qurumun idarə və müəssisələrində müsabiqədənkənar işlə təmin olunduğunu vurğulayıb. Bugünkü tədbirdə iştirak edən tələbələrin SOCAR-ın yaratdığı imkanlardan yararlanacağını deyən Xalik Məmmədov təhsillərini başa vurduqdan sonra onların SOCAR ailəsinin üzvünə çevriləcəyinə əmin olduğunu bildirib.
SOCAR-ın maliyyə bazarları üzrə baş məsləhətçisi Əli Ağaoğlu “İqtisadiyyat 2.0” mövzusunda təqdimat edib. O, təqdimatının birinci hissəsində SOCAR istiqrazlarının buraxılışı zamanı maliyyə bazarlarında həyata keçirilən mütərəqqi addımlar, istiqrazların xüsusiyyətləri, təkrar bazar əməliyyatları, korporativ istiqraz bazarındakı payı və Azərbaycan iqtisadiyyatına töhfələri barədə məlumat verib. Ə.Ağaoğlu təqdimatının ikinci hissəsində qlobal iqtisadi proseslər, dünya iqtisadiyyatındakı mövcud və gələcək tendensiyalar, qloballaşma prosesinin trayektoriyası, gələcəkdə üstünlük veriləcək fəaliyyət sahələri, ümumilikdə, növbəti 10 il üçün proqnozlaşdırılan iqtisadi mənzərə barədə auditoriyanı məlumatlandırıb.
Tələbələrlə interaktiv ünsiyyət şəraitində baş tutan təqdimatda beynəlxalq miqyasda qəbul olunan və güclü meyil göstərilən biznes trendlərinin mahiyyəti, rəqabətədavamlı professional kadrlara tələbatın hər il daha da artması və gələcəyin biznes-məşğulluq mühitinin elmi inkişafın nəticəsindən asılı olaraq formalaşacağı diqqətə çatdırılıb.
Tədbirin sonunda müzakirələrdə fəal iştirak edən beş tələbəyə SOCAR-ın sertifikatları və hədiyyələr təqdim edilib.