Azərbaycanda bacı-qardaş eyni vaxtda dünyanın nüfuzlu universitetlərinə qəbul olublar. Onlardan biri dünyanın ən məşhur universitetlərindən olan Harvarda, digəri isə Drexelə qəbul olub.
FED.az xəbər verir ki, söhbət 18 yaşlı bacı-qardaş Qəndab və Mehdi Məmmədovlardan gedir. Onlar eyni vaxtda arzularına çatıblar.
79 nömrəli tam orta məktəbin məzunu olan Qəndab Məmmədova qəbul olunduğu universitetdə Astrofizika ixtisası üzrə təhsil almaq istəyir. O, əvvəllər də uğurları ilə diqqət çəkib, müxtəlif yerli və beynəlxalq olimpiadalarda dərəcə qazanıb.
Drexel Universitetinin Kompüter elmləri ixtisasına qəbul olunan Mehdi Məmmədovun istəyi isə təhsilini tamamladıqdan sonra Azərbaycana qayıtmaq və öz sahəsi üzrə öyrəndiklərini burada tətbiq etməkdir.
Söhbət əsnasında onu da öyrəndik ki, bacı-qardaş yaxşı nəticə əldə etmək üçün ali məktəbə birlikdə hazırlaşıb və böyük əmək sərf ediblər. Qəndab tam təqaüd alıb, Mehdi isə ödənişli əsaslarla oxuyacaq.