Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
UNEC-dən bildirilib ki, Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə keçirilən görüşdə tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova əcnəbi və yerli tələbələrin universitetdə sosial-iqtisadi inteqrasiyasını təmin etmək məqsədilə onların müxtəlif elmi və ictimai fəaliyyətlərə cəlb olunmasının əhəmiyyətindən danışıb. Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Science Slam” müsabiqəsindən söz aşan prorektor müsabiqənin şərtlərini açıqlayıb, tələbələri bu istiqamətdə fəal olmağa çağırıb.
Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev əcnəbi tələbələrin miqrasiya sənədləşməsi və prosedurları ilə bağlı üzləşdiyi problemlərdən söz açıb. Yarana biləcək problemlərin həlli istiqamətində onlara tövsiyələrini verib.
Departamentin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova isə miqrasiya üçün lazımi sənədlər, miqrasiya prosedurları və Azərbaycan Respublikasının miqrasiya sahəsində qanunlarına edilən dəyişikliklər barədə məlumatları tələbələrin diqqətinə çatdırıb.
Qeyd edilib ki, UNEC-də 33 ölkədən 274 əcnəbi tələbə təhsil alır. Onların 232-si bakalavr, 34 nəfəri magistr, 8 nəfəri isə doktorant və dissertantdır.