“Azərbaycanda iki ildən sonra yeni növ qəbul və buraxılış imtahanları tətbiq olunacaq”.
FED.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASANradio"ya müsahibəsində deyib.
O bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə müvafiq modellər üzərində müzakirələr aparılır: “Bu da yəqin ki, sentyabr ayında ictimiayyətə təqdim olunacaq”.
DİM sədri qeyd edib ki, ötən il və bu il bakalavr pilləsində imtahan verən abituriyentlərin nəticələri təxminən eynidir: “Gələn ildə keçiriləcək qəbul imtahanları da builki model əsasında olacaq. Bu da axırıncı il olacaq ki, bu model əsasında qəbul imtahanları baş tutacaq. Çünki kurikulum əsasında təhsil alan şagirdlər gələn 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İnanırıq ki, gələn ilin məzunları daha yaxşı nəticə göstərəcək. Həmçinin əvvəlki illərin məzunlarının sayının artmasını gözləyirik”.
M.Abbaszadə deyib ki, bu ilin qəbul imtahanında 500 baldan çox nəticə göstərənlərin sayı 12,97 faiz olub: "Keçən il bu rəqəm 12, 6 faiz olub. Keçən il 11 030 nəfər 0-100 arası bal toplasa da, bu il 11 999 nəfər belə nəticə göstərib".