Ali təhsil almaq istəyən abituriyentlərin qarşısında duran əsas suallardan biri yalnız qəbul balı deyil, həm də təhsil haqqıdır.
FED.az xəbər verir ki, Azərbaycanda bəzi universitetlər illik minlərlə manat tələb etsə də, digərlərində cəmi bir neçə yüz manatla diplom qazanmaq mümkündür.
Azərbaycanda ən yüksək təhsil haqqı olan universitetlər
Xüsusilə regionlarda yerləşən dövlət universitetləri və xarici dil müəllimliyi ixtisasları tələbələr üçün ən sərfəli seçimlər hesab olunur.
Bəs bu universitetlər hansılardır?
Təhsil eksperti Kamran Əsədov bildirib ki, Naxçıvan Dövlət Universitetində bəzi ixtisaslarda illik haqq 1 000 manat, Gəncə Dövlət Universitetində 1 200 manat, Mingəçevir Dövlət Universitetində 1 400–1 600 manat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında isə bəzi ixtisaslarda 200–300 manatdır:
“Dünya təcrübəsinə baxanda, Azərbaycandakı qiymət siyasəti müəyyən mənada balanslıdır. Türkiyənin dövlət universitetlərində illik ödəniş 100–600 dollar civarındadır, özəl universitetlərdə isə 2 000–20 000 dollara qədər qalxır. Gürcüstanda dövlət universitetlərində ödəniş 1 500–3 000 manat, Rusiyada isə federal universitetlərdə 1 000–3 000 dollar aralığındadır. Müqayisədə görünür ki, Azərbaycan dövlət universitetlərindəki ödənişlər region ölkələri ilə eyni səviyyədədir, özəl və beynəlxalq proqramlarda isə Türkiyə və Gürcüstanla rəqabət aparmaq mümkündür”. (BAKU.WS)