Yeni tədris ilindən etibarən Azərbaycanda yeni türk orta məktəbi fəaliyyətə başlayacaq.
Eləcə də bax: Azərbaycanlı iş adamı Gürcüstanda - UNİVERSİTET AÇDI, TİBBİ TƏHSİL OLACAQ
FED.az xəbər verir ki, Türkiyənin Beynəlxalq Maarif Məktəbləri şəbəkəsinə daxil olan məktəbdə məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları nəzərdə tutulur, artıq məktəbə qəbul başlayıb.
Yeni məktəbilə bağlı əsas detalları FED.az biznes və maliyyə xəbərləri portalına Türkiyə Maarif Vəqfi Azərbaycan Ölkə Direktoru İbrahim Balı çatdırıb:
- İbrahim müəllim, Türkiyənin Beynəlxalq Maarif Məktəbləri nə vaxtdan fəaliyyətə başlayıb?
- Türkiyə Maarif Vəqfi 2016-cı ildə Türkiyə TBMM-in qərarıilə yaradılıb və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisəsləri açma səlahiyyətinə malik dövlət qurumudur. İndiyədək qurum dünyanın 67 ölkəsində 429 təhsil müəssisəsi, 49 ölkə ilə təhsil fəaliyyəti qurub və hazırda ümumilikdə 50 minə yaxın şagirdi var.
- Bakıda açılacaq yeni məktəb nə vaxtdan fəaliyyətə başlayır?
- Yeni tədris ilindən etibarən isə TMV-nin Beynəlxalq Maarif Məktəbləri Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayacaq. Məktəb yeni tədris ilinə tam hazırdır. Sinif otaqlarında ağıllı lövhələr, 9000 kvm yaşıllıq sahəsi, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Bakıda yeni açılmasına baxmayaraq insanların göstərdiyi maraq və övladlarının məhz bu təhsil müəssisəsində təhsil almaq istəyi bizi sevindirdi.
- İctimaiyyət məktəbin fəaliyyəti ilə bağlı məlumatları necə əldə edə bilər? Çünki bu barədə məlumat təhsil ilinin başlamasına cəmi bir neçə həftə qalmış yayıldı.
- Məktəbimizlə bağlı bütün məlumatları rəsmi olaraq Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin veb-saytı və sosial hesablarından asanlıqla əldə edə bilərsiniz. Yaxın günlərdə Türkiyənin Azərbaycandakı səfiri cənab Dos. Dr. Cahit Bağcının məktəbimizə ziyarəti və bununla bağlı açıqlaması olub.
- Bəs məktəbə Azərbaycanda maraq hansı səviyyədədir?
- Çox gözəl, hazırda şagirdlərin məktəbə qeydiyyatı prosesi davam edir. Bu, əlbəttə ki, Maarif təhsil sisteminə olan inam və güvənin göstəricisidir.
- Məktəbə qeydiyyat prosesi necə olacaq? Valideyn övladının bu məktəblərdə təhsil almasını istəyirsə, hara müraciət etməlidir?
- Məktəbə qəbul və qeydiyyat psixoloqun rəyi və məktəbdə yaradılmış Komissiyanın qərarına əsasən həyata keçiriləcək. Növbəti ildən isə Maarif Məktəblərinin “MAGİS” adlanan imtahanı təşkil olunacaq. Bu imtahanın nəticələrinə əsasən məktəbə qəbul prosesi reallaşdırılacaq. “MAGİS” imtahanı məktəbimizin şagirdləri istisna olmaqla, müraciət edən digər ümumi orta təhsili alan şagirdlərə şamil olunacaq.
- Şagirdlər hansı yaşdan qəbul olunur?
- 5 yaşı tamam olan şagirdlərin məktəbəhazırlıq siniflərinə, 6 yaşı tamam olan və ya təqvim ilinin sonunadək 6 yaşı tamam olacaq şagirdlərin isə ibtidai siniflərə qəbulu həyata keçiriləcək.
- Beynəlxalq Maarif Məktəbində təhsil ödənişlidirmi və ödənişlidirsə, illik təhsil haqqı nə qədərdir?
- Bəli məktəbdə təhsil haqqı ödənişlidir, amma məbləği valideynlər məktəbə müraciət edərək öyrənə bilərlər.
- Bu məktəblərin üstünlükləri nədir?
- Məktəbimizdə əsas fənnlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Məktəbdə STEAM, robotik kodlama, kompyuter dərsləri kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”-də (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək.
- Bu məktəbdə hansı dillər tədris olunacaq?
- Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, Türk , ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. Təhsil müəssisəsində Azərbaycan, Avropa, Amerika və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar təşkil olunur. Belə ki, bu istiqamətdə IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab olunur.
- Bu məktəbi bitirən şagirdlərə əlavə üstünlüklər, məsələn universitetə daxil olmaq v ya Türkiyədə təqaüd qazanmaq baxımından - veriləcəkmi?
- Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Təhsilində fərqlənənlər Türkiyənin YTB təqaüd proqramına da cəlb olunurlar. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azad olur.