Azərbaycanda həkim mütəxəssislərin hazırlanması üçün rezidenturaya qəbul prosesi asanlaşdırılır. FED.az xəbər verir ki, bu yenilik Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları»na etdiyi dəyişikliklərdə nəzərdə tutulub (20 dekabr 2019-cu il, 488 saylı qərar).
Qərara edilən mühüm dəyişikliyə əsasən, bundan sonra baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Bununla bağlı qaydaların 3.2-ci hissəsi yeni redaksiyada verilib.
«3.2. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin 2 qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.”
əvvəlki redaksiyada deyilirdi:
«3.2. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri Mərkəz tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar».
Qaydaların 4.1 hissəsini edilən dəyişikliyə əsasən, ixtisas seçiminə buraxılış zamanı yalnız ixtisas fənləri üzrə qiymətlər nəzərə alınacaq.
İndiki variant:
«İxtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar».
Əvvəlki variant:
«İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar».
Eləcə də müsabiqədə yalnız ixtisas fənlərindən toplanan ballar nəzərə alınacaq.
İndiki variant:
«5.1. Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılır».
Əvvəlki variant:
«5.1. Müsabiqə namizədlərin baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır».