Son vaxtlar Azərbaycanda təhsilə və elmi adlara maraq kəskin artıb. Təbii ki, ölkə üçün bu hal yaxşıdır, lakin təəssüf ki, bəzən elmi adları alan şəxslərin elmi işlərini özləri deyil, başqaları yazırlar. Bu hal təkcə elmi adlara deyil, bakalavr və magistr kimi təhsil pillələri üçün yazılan diplom işlərinə də aiddir.
Məhz buna görə, FED.az elmi işləri yazanlara istinadən, bakalavır, magistratura, doktorantura və professorların elmi işlərinin yazılma qiymətini araşdırıb.
Elmi işlərin və diplom işlərinin yazılması ilə məşğul olan şəxslər bildirirlər ki, qiymətlər təhsilin mərhələlərindən və elmi rütbədən asılı olaraq dəyişir.
Belə ki, bakalavr təhsili alan tələbələrin diplom işinin yazılma qiyməti 350-600 manat təşkil edir. Belə işlər adətən 4-5 günə yazılır. Müşahidə göstərir ki, hər 100 nəfər bakalavrdan 35-40-ı diplom işini özü deyil, başqalarına yazdırmağa üstünlük verir.
Magistraturada dissertasiya işinin başqasına yazılması isə 600-1000 manata başa gəlir. Bui şlə məşğul olan zəhmətkeşlər həmin işləri 1 həftə və ya 10 gün müddətinə yazırlar. Müşahidələr göstərir ki, hər 100 magistrantdan 25-30 nəfər dissertasiya işini başqasına yazdırır.
Fəlsəfə doktoru almaq üçün elmi işin yazılma qiyməti isə 5 min manat təşkil edir. Bunun üçün daha böyük müddət - 3-4 ay vaxt lazımdır.
Professor elmi adı almaq istəyənlər də tələb olunan elmi işi bəzən başqalarına yazdırırlar. Bu təqribən 15 min manata başa gəlir. Amma professorlar üçün elmi işin yazılması 6-7 ay vaxt çəkir. Müşahidələr göstərir ki, fəlsəfə doktoru və professor adı almaq istəyən hər 100 nəfərdən 8-10 nəfəri elmi işi başqasına yazdırır.
Azərbaycanda professor olmaq neçəyədir? - ELMİ İŞLƏRİN QİYMƏT
10:57
19 İyul 2018