Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələri üçün xüsusi razılıq (lisenziya) müddətsiz veriləcək. Fed.az APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinin 12-ci maddəsinin 2-ci hissəsinə əsasən, məktəbəqədər təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq.
Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.
Qanun layihəsi ilk oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.