Magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Bəzən belə ifadələr səsləndirirlər: “Azərbaycanda magistraturanı oxumaq mənasızdır”.
Son zamanlar isə belə düşünən tələbələrin sayı kifayət qədər çoxdur. Hətta belə qənaətə gəlmək olar ki, ölkəmizdə magistr təhsili alan tələbələrin bir çoxu xaricə getmək imkanı olmadığından, ikinci diplomu almaq xətrinə, zamanını boş dəyərləndirməmək məqsədilə magistraturaya baş vurur.
Tələbələrin magistr təhsilindən şikayətlənməsinin başlıca səbəbi isə bakalavr pilləsində keçirilən fənlərin yenidən magistraturada tədris olunmasıdır. Psixologiya, Pedaqogika, Fəlsəfə, Xarici dil kimi fənlər “əlavə fənn” adı ilə magistraturada yenidən siyahıya salınır. Üstəlik əksər hallarda, eyni mövzular, eyni ədəbiyyat siyahısı, eyni nəzəri biliklər tələbələrə ötürülür.
Eləcə də bax: Xarici ölkələr hesabına oxuyan azərbaycanlıların sayı – AÇIQLANDI
Bəs Azərbaycanda magistratura təhsilinin hələ də dünya standartlarına uyğunlaşdırılmamasının səbəbi nədir? Bu problemi necə aradan qaldıra bilərik?
Qeyd etdiyimiz suallar ətrafında fikirlərini bölüşən tanınmış təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov xatırladıb ki, Azərbaycan ali təhsil müəssisələrində ixtisaslaşmanı Nazirlər Kabineti həll edir:
“Təhsil Nazirliyi ixtisaslaşmalarla bağlı müraciət etməlidir ki, ixtisaslar üzrə peşəkar kadr yetişdirmək üçün hansı fənlər tədris olunsun... Magistratura fənlərinin azalması universitetləri əlavə maliyyə yükündən də azad edir. Bakalavr pilləsində tədris olunan fənlərin magistraturada yenidən keçirilməsi universiteti əlavə xərclərə salır. Burada dövlət ali təhsil müəsissələri nəzərdə tutulur.
Özəl ali məktəblərdə isə vəziyyət bir qədər fərqlidir. Hər hansı ixtisas üzrə özəl universitetlərdə əlavə fənlər tədris olunmur. Dövlət universitetləri büdcədən daxil olan vəsaiti xərcləmək və müəllimlərə əlavə dərs saatı ayırmaq üçün belə addım atırlar. Ona görə, magistraturada tədris olunan fənlərin 60-70 faizi bakalavr pilləsinin təkrarı və əlavə fənlərdir”.
Kamran Əsədov hesab edir ki, dünya təcrübəsindən istifadə etmək lazımdır:
“Biz Boloniya sisteminə qoşulmuşuq. Ona görə, kreditlərin sayı və həcmi ixtisasa uyğun gələn fənlər üzərində olmalıdır. Əlavə fənlərin təkrar tədris edilməsi, üstəlik ixtisas fənni səviyyəsində kredit hesablanması yolverilməzdir. Belə vəziyyət xarici ölkələrə doktorluq təhsili üçün müraciət edən məzunlara da problem yaradır.
Məzunlarımız magistraturada o qədər əlavə fənlərlə məşğul olurlar ki, peşəkarlaşma aşağı səviyyədə olur və məcburən ixtisaslaşmanı doktoranturada davam etdirirlər. Dünyada magistratura elmi səviyyə kimi qəbul edilsə də, Azərbaycanda hələ də bu səviyyəyə çatmayıb. Magistraturada tədris olunan fənlərin sayı azaldılmalıdır. Müvafiq ixtisasa uyğun fənlər tədris olunmalııdır ki, yetişdirdiyimiz kadrlar əmək bazarının tələblərinə cavab versin”.
Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov da magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsinin vaxtı çatdığını bildirib. Onun sözlərinə görə, magistratura pilləsinin tədris planı elə olmalıdır ki, tələbənin tədqiqatçı kimi yetişməsinə kömək olsun:
“Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqat yönümlü fənlərdir. Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və s. magistrantlara tədris edilir. Məsələn, iqtisadiyyat sahəsini götürsək, bakalavr pilləsində iqtisadiyyatın əsasları, giriş hissəsi, magistraturada isə onun tətbiqi öyrədilir.
Bizdə bir problem də var ki, bəzən tətbiqi fənləri proqrama salırlar, amma bunu tədris edəcək müəllim tapılmır. Ona görə, bakalavr pilləsində keçirilən materiallar sadəcə adı dəyişdirilmiş formada magistranta çatdırılır. Belə hallar tələbələrimizi magistr təhsilindən daha da soyudur.
Bakalavriatda tələbə sayı çox olur. Magistraturada isə tələbələrin sayı azdır. Buna uyğun olaraq, dərslər də müqayisəli keçilməlidir. Qrup işləri, təqdimatlar hazırlanmalıdır. Həm dərs keçmək metodu, həm də fənlərin konteksti dəyişməlidir”.
Prorektor onu da qeyd edib ki, bir neçə il əvvəl Təhsil Nazirliyi ali məktəblərə magistraturanın müasir planını hazırlamağı tapşırıb. Bakı Dövlət Universiteti (BDU), İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texnologiya Universitetinin (AzTU) müvafiq sahələr üzrə hazırladığı magistr planından yalnız UNEC-in planı qəbul olunub:
“Nəticədə, 2017-ci ildən bütün ali məktəblərdə iqtisadiyyat üzrə magistratura təhsili yeni qaydalarla həyata keçirilir. İki semestr dərsə sərf olunur, ondan sonrakı bir il isə magistrantın tədqiqatı mənimsəməsinə, təcrübəyə ayrılır. Bununla əlavə fənlər magistratura planından qaldırıldı. Fənlərin sayı azaldığı üçün bir illik planda magistr tələbəsinə cəmi 10 fənn öyrədilir.
Bildiyim qədərilə, gələcək illərdə digər sahələr üzrə də müasir plan hazırlanır və tətbiq ediləcək”.