Ötən il qruplar üzrə ən nüfuzlu ixtisaslar açıqlanıb.
Dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı təsdiq edilib - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat yer alıb.
Bildirilib ki, hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib.
Qeyd edilib ki, hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur:
“Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin aşağı düşməsinə səbəb olur. Bu baxımdan, müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz.
Nəzərə alsaq ki, ərizədə birinci yerdə göstərilən ixtisas abituriyentin istəyinə ən çox uyğun olandır, deməli, ixtisasın nüfuzunu həmin ixtisasın abituriyent ərizələrində birinci yerdə göstərilməsinin sayı əsasında müəyyənləşdirmək daha düzgün olar.
Aparılan müqayisə zamanı müsabiqəsində iştirak etmək üçün ümumi bala qoyulan tələb 200-dən az olan ixtisaslar nəzərə alınmayıb. Bu qayda ilə hər qrupun ən nüfuzlu ixtisası müəyyənləşdirilib.
Məlum olub ki, abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Tibb”, V qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına üstünlük verib.
I ixtisas qrupu istisna olmaqla digər bütün ixtisas qruplarında Azərbaycan və rus bölməsinin abituriyentlərinin seçimi eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya texnologiyaları” ixtisasına üstünlük veriblər”.