Azərbaycanda ali təhsil müəssisələrində təhsil qiymətləri 1000-8500 manat arasında dəyişir.
Eləcə də bax: Nazir: "Bu il tələbələr təhsil krediti ala biləcək"
FED.az xəbər verir ki, araşdırmaya görə Azərbaycanda ən bahalı ali təhsil müəssisələri Azərbaycan Diplomatik Akademiyası (ADA), Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Tibb Universiteti, Bakı Musiqi Akademiyası (BMA), Qərbi Kaspi Universiteti, bəzi ixtisaslar üzrə isə Bakı Dövlət Universiteti (BDU) və Rəssamlıq Akademiyasıdır.
Belə ki, ADA-da Azərbaycan vətəndaşları üçün illik təhsil haqqı 6000-6500 manat arasında dəyişir, xarici tələbələr üçünsə bu, 8500 manatdır. Xəzər Universitetində bu rəqəm 4000-5000, Azərbaycan Tibb Universitetində 4000-4500 manat arasındadır. Bakı Ali Neft Məktəbində də illik təhsil haqqı əksər ixtisaslar üzrə təxminən 4500 manatdır.
BDU-da fərqli ixtisaslar üzrə illik təhsil haqqı müxtəlifdir, ən bahalı ixtisas isə hüquqşünaslıqdır. Belə ki, universitetdə bu ixtisas üzrə qiyabi təhsil almaq üçün illik ödəniş 3600 manat, əyani təhsil üzrə isə 4500 manatdır.
Yüksək təhsil haqqı qabiliyyət tələb edən ixtisaslarda da özünü göstərir. Məsələn, Bakı Musiqi Akademiyasında qiymətlər 2000-3500 manat arasında dəyişir. BMA ilə müqayisədə Milli Konservatoriya və Mədəniyyət və İncəsənət Universitetində isə illik təhsil haqqı müvafiq olaraq standart 2000 və 1800 manat təşkil edir.
Rəssamlıq Akademiyasında da dizayn ixtisası bahalı ixtisaslar arasındadır. Belə ki, bu ixtisasın illik təhsil haqqı 3000 manatdır.
Harada daha ucuz təhsil almaq mümkündür sualına gəlincə, Azərbaycan ali məktəblərində minimum təhsil ödənişi 1000 manatdır.
Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Zaqatala filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında illik təhsil haqqı 1000 manat olan tək-tük ixtisaslar var. (Trend)