Nazirlər Kabineti distant təhsil tələbinin ləğv edilməsi haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin rəsmi saytında dərc olunmuş qərara əsasən, distant təhsil tələbi ləğv edilib və əyani təhsilə keçid müəyyən edilib.
Bundan başqa, təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması; dərslərin növbəli qaydada həyata keçirilməsi; dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbi; dərslərarası (məşğələlərarası) 10 dəqiqəlik fasilə tələbi ləğv edilir.
Həmçinin dərslərin həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər ləğv edilib.
Qərara əsasən, təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək.
Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu olmalıdır.
Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər cəlb olunacaq. Eyni zamanda, texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.
Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsil alanın oturması tələbi ləğv edilir.
Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilir.
Təhsil müəssisələrində yeməkxanalar (bufetlər), idman, akt zalları, kitabxana və hovuzların fəaliyyəti bərpa olunur.