Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov “Facebook”dakı səhifəsində distant ali təhsillə bağlı status paylaşıb.
FED.az xəbər verir ki, rektor statusunda distant ali təhsil üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla, bu istiqamətdə qaydaların və vahid tələblərin hazırlanmasının vacib məqamlarına toxunub.
Distant ali təhsil: 3 addım
1. Distant təhsil üzrə qaydalar.
Sirr deyil ki, distant ali təhsilə münasibət birmənalı olmayıb. Onun üstünlüklərini önə çəkənlərlə distant təhsilin zərərli olduğunu sübut etməyə çalışanlar arasında ciddi, hətta demək olar ki, barışmaz müzakirə və mübarizə aparılırdı. Koronavirus XXI əsr təhsilinin özəlliklərini qabartmaqla həm də distant təhsili zərurətə çevirdi. İndi distant ali təhsil alternativ təhsil forması kimi gündəliyi zəbt etmiş və distant təhsilə deyil, distant təhsil tətbiq edə bilməyən təhsil müəssisələrinə, yumşaq desək, münasibət müsbət deyil. Ona görə də distant ali təhsilin postkoronavirus mərhələsi indidən müzakirə edilsə və beynəlxalq təcrübə nəzərə alınmaqla vacib və zəruri olan qaydalar hazırlansa yaxşı olar. Həmin qaydalar distant təhsilə tələbələrin qəbulundan məzun olmasına qədər bütün məsələləri özündə ehtiva etməlidir.
2. Distant təhsilə vahid tələblər.
Distant ali təhsilin necə olması haqqında müzakirələrə və vahid yanaşmaya ehtiyac duyulur. Bu da təbiidir. Belə ki, postkoronavirus dövründə ali təhsilin keyfiyyətilə bağlı bu və ya digər problemin məhz təhsilin distant forması ilə “izah ediləcəyi” istisna olunmur. Şübhəsiz ki, ilk növbədə təcrübə azlığı səbəbindən distant ali təhsilin tətbiqilə əlaqədar problemlər və qüsurlar qaçılmazdır. Bu zaman diqqətin distant təhsilin uğursuzluğuna deyil, həmin problemlərin həllinə və qüsurların aradan qaldırılmasına yönəldilməsi daha uyğun görünür. Ona görə də, düşünürük ki, distant ali təhsillə bağlı vahid tələblərin hazırlanması vaxtı yetişmişdir.
3. Oflayn + onlayn.
Postkoronavirus dövründə çox ehtimal ki, yenidən dərslərin ənənəvi formaya qaytarılması baş verəcək. Hesab edirik ki, distant ali təhsilin müəyyən müddət ərzində tətbiqindən sonra geriyə qayıtmaq yox, irəliyə addımlar atıla bilər. Bu baxımdan ali təhsilin təşkili zamanı ənənəvi və distant (oflayn və onlayn) təhsilin sintezi məsələsinin geniş təhlili məqsədəuyğundur. Düşünürük ki, postkoronavirus dövründə dərslərin təşkilinin yeni forması kimi, qarışıq və ya oflayn+onlayn müsbət addımlardan ola bilər.