Azərbaycanda təhsil yenidən distant formada keçiriləcək.
FED.az xəbər verir ki, bu Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" qərarında nəzərdə tutulub.
Qərara əsasən, Xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada olacaq.
Müəyyən edilməlidir ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycanın baş dövlət sanitariya həkiminin və ya Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
Qərara əsasən, Təhsil Nazirliyi hər hansı rayon və ya şəhərdə belə qərar qəbul etsə, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə də eyni qərarları qəbul edə bilərlər.
Qeyd edək ki, bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.