BP şirkəti əməliyyatçısı olduğu Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşlarının adından Azərbaycanda ilk dəfə Böyük Verilənlər üzrə Elmi Tədqiqat və Təlim Mərkəzinin yaradılmasına dəstək olduğunu məmnuniyyətlə elan edir.
Bu layihə BP və tərəfdaşlarının ölkədə təhsilə, təlimə və yerli potensialların yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Bu yeni mərkəz dövlət qurumlarının və özəl sektor təmsilçilərinin mərkəzdəki resurslardan istifadəsinə imkan yaratmaqla daha geniş təsir dairəsinə malik olacaq.
Mərkəz ADA Universitetində yaradılacaq və onun nəticəsində həmin universitetdə Böyük Həcmli Verilənlərin Təhlili və Verilənlər Elmi üzrə yeni magistr dərəcəsi proqramı da fəaliyyətə başlayacaq ki, bu da verilənlər üzrə mütəxəssislərə və böyük həcmli verilənlər üzrə analitiklərə olan ehtiyacların qarşılanmasına xidmət edəcək.
Bu gün layihənin açılışına həsr edilmiş tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “BP və onun tərəfdaşları ölkədə yeni inkişaf sahəsinin yaradılmasına imkan verəcəyi gözlənilən bu layihəyə dəstək olmaqdan məmnunluq duyur. Bu layihə konkret olaraq ölkədə verilənlər üzrə ixtisaslaşmış mütəxəssislərin, verilənlər və informasiya üzrə mühəndislərin və böyük həcmli verilənlərin təhlili üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinə yönəlib. İnanırıq ki, bu, həm özəl sektorda, həm də dövlət sektorunda bir sıra sahələrdə və ixtisaslarda təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcək. BP və tərəfdaşları üçün bu layihə həmçinin Təhsil Nazirliyi ilə olan əməkdaşlığı genişləndirmək və ADA Universiteti ilə yeni tərəfdaşlıq qurmaq imkanı verir.”
Layihə nəticəsində həmçinin ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin potensialının genişlənəcəyi və bunun ən qabaqcıl proqram təminatı və aparat təminatı texnologiyalarında yeni sahələr üzrə yerli bilik və təcrübələrin inkişaf etdirilməsinə imkan yaradacağı gözlənilir.
Layihə ADA Universiteti tərəfindən yerinə yetiriləcək. Layihənin müddəti 2016-cı ilin oktyabr ayından 2017-ci ilin dekabr ayınadək olan dövrü əhatə etməklə 15 ay təşkil edir. Layihənin dəyəri 410 000 dollardır.
Azərbaycanda Böyük Verilənlər üzrə Tədqiqat Mərkəzi yaradılır
13:17
19 Okt 2016