Yeni tədris ilindən etibarən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) MBA proqramında dörd ixtisas üzrə tələbə qəbuluna başlanılıb. Magistratura pilləsində 22 ixtisas üzrə mütəxəssislərin hazırlığını uğurla həyata keçirən ATMU-ya Nazirlər Kabineti tərəfindən 2018/2019-cu tədris ilində MBA proqramı çərçivəsində turizm və otelçiliyin idarə edilməsi, menecment, marketinq, maliyyə ixtisasları üzrə ümumilikdə 65 plan yeri ayrılıb. Proqram müəyyən sahədə fəaliyyət göstərən mütəxəssislərə də təhsil almaq imkanı yaradır. Tədris ATMU-nun yüksəkixtisaslı yerli və əcnəbi müəllimləri tərəfindən axşam saatlarında keçiriləcək. MBA proqramında idarəetmə və təşkilati davranış, maliyyənin idarə olunması, biznes və iqtisadiyyat üçün statistika, marketinq konsepsiyaları, menecerlər üçün mühasibat, istehsalın və əməliyyatların idarə olunması, strateji idarəetmə, insan resurslarının idarə olunması, idarəetmənin iqtisadiyyatı, informasiya texnologiyalarının idarə olunması, kapital qoyuluşu və maliyyə strategiyaları, bazarın öyrənilməsi və beynəlxalq biznes kimi aktual fənlərin tədrisi nəzərdə tutulub.
ATMU-dan FED.az-a bildirilib ki, mayın 23-də bu universitetdə MBA proqramı ilə bağlı növbəti növbəti təqdimat təşkil olunub.
Tədbirdə ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva, elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov, turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova MBA proqramı üzrə yeniliklər və innovativ metodlar barədə danışıb, eyni zamanda, proqramın tətbiqi ilə bağlı konkret təkliflər irəli sürüblər.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim Tədris Mərkəzinin biznes inkişafı şöbəsinin müdiri, MBA proqramı üzrə müəllim və ekspert Namiq Əlizadə şəxsi təcrübələrinə əsaslanaraq proqrama dair yeniliklərin konkret icmalını diqqətə çatdırıblar.
Dünyanın tanınmış universitetlərinin ən son texnoloji nailiyyətlərini tədris prosesində həyata keçirən ATMU-da MBA proqramının tətbiqi gənclər üçün idarəetmə sahəsində yeni bilik və bacarıqların əldə edilməsinə böyük imkanlar yaradacaq.