Bu gün Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.
FED.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun təhsil və sahibkarlığın inteqrasiyasına dəstək vermək, tələbələri innovativ təşəbbüslərə təşviq etmək niyyətində olduğunu bildirib. O, ATİB ilə birgə layihələrin dövlət-özəl tərəfdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli təhsil müəssisələri ilə iş dünyası əməkdaşlığının tələbələrin praktiki bacarıqlarını gücləndirəcəyini və onların əmək bazarının tələblərinə uyğun yetişməsinə xidmət edəcəyini qeyd edib.
Daha sonra ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov geniş çıxıs edərək Azərbaycan və Türkiyə iş adamlarının təhsilə verdiyi dəstəyin gələcək nəsillərin hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tərəflərin bu əməkdaşlıq çərçivəsində həm biznes mühitinin inkişafını, həm də gənclərin biliklərinin artırılmasını hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, tərəflər əməkdaşlığı gənclərin sahibkarlıq təşəbbüslərini dəstəkləmək, “TələbəPlus” və “TəhsilPlus” kartları, təqaüd proqramları, infrastruktur təşəbbüsləri və tərəflərin razılaşdıracağı digər layihələr çərçivəsində həyata keçirəcək.
Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyası və “Peerstack Academy”ə infotur tərəflər üçün əlavə məlumat toplamaq və şəbəkələşmək imkanı yaradıb.