Azərbaycanda ali təhsil müəssisələrində rektorların vəzifəsi konkretləşdirilib.
FED.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edib.
Nizamnaməyə əsasən, dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.
Eləcə də bax: Ali məktəblərin əldə etdiyi gəlirlərin 40 faizi müəllimlərə sərf ediləcək
Rektor ali təhsil müəssisəsinin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır, dövlət orqanları və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla münasibətlərdə təmsil edir, müəssisənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir.
Bundan başqa, rektor təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün tabe olduğu dövlət orqanına (qurumuna) və ya bələdiyyəyə təkliflər verir və sənədlər (o cümlədən, ali təhsil müəssisəsinin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir, müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, bələdiyyə tərəfindən yaradılmış ali təhsil müəssisəsində isə xərclər smetasını ali təhsil müəssisəsinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir, ali təhsil müəssisəsinin işçilərinin (prorektor və daxili audit bölməsinin əməkdaşları istisna olmaqla), onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların rəhbərlərinin tabe olduğu dövlət orqanı (qurumu) ilə və ya bələdiyyə ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir.
Müəssisə rəhbərliyi Elmi Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir, ali təhsil müəssisəsinin vəzifəli şəxslərinin qanun-vericiliyə zidd olan qərarlarını ləğv edir, Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında ali təhsil müəssisəsinin cari fəaliyyətinə dair hesabatlar verir.
Rektor ali təhsil müəssisəsinin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir.
Həmin şəxs ali təhsil müəssisəsinin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, təsisçinin razılığı ilə ali təhsil müəssisəsinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri ali təhsil müəssisəsinin aktivlərinin 5 faizini və daha çox, həmçinin 5 faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir, fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qrupları yaradır, fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür, müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir, kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür.
Ali təhsil müəssisəsi təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilər.