Akkreditasiya qiymətləndirilməsinə cəlb edilən ali təhsil müəssisələrinin müəllimlərinin ödəniş alması məsələsinə aydınlıq gətirilib.
Sertifikasiyadan keçən müəllimlərin maaşı bu tarixdən artacaq
Bu barədə FED.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, bəzi media resurslarında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsinə cəlb edilmiş bir sıra ekspertlərin adları və onlara fəaliyyətləri qarşılığında ödəniləcək xidmət haqqını əks etdirən siyahı dərc edilib: "Yalnız TKTA-nın xəbərdarlığından sonra dəqiqləşdirilməmiş məlumatlar əsasında hazırlanmış sözügedən siyahı jurnalistika etikası prinsiplərinə uyğun olaraq əksər internet səhifələrindən çıxarılıb.
Bildiririk ki, dərc edilən xəbərin başlığı və təqdimat forması peşəkar jurnalistika prinsiplərinə zidd olmaqla yanaşı, ictimaiyyətdə yanlış təsəvvür yaradacaq şəkildə hazırlanıb. Belə ki, siyahıda yalnız ali təhsil müəssisələrinin müəllimləri deyil, həmçinin işəgötürənlərin nümayəndələri və beynəlxalq ekspertlər də yer alır. Bu məlumatların fərdi razılıq olmadan ictimailəşdirilməsi şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin pozulmasıdır.
Təhsil müəssisələrinin akkreditasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na (bundan sonra Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydalara əsasən, TKTA tərəfindən təşkil edilən komissiyalar akademik müstəvidə təmsil olunan yerli və xarici mütəxəssislər, həmçinin işəgötürən qismində çıxış edən nümayəndələr, eyni zamanda, təhsilalanlardan təşkil olunur. Təhsilalanlar istisna olmaqla, komissiyanın digər üzvləri Qaydaların 2.9-cu maddəsinə əsasən, ödənişli əsaslarla əməkdaşlığa cəlb edilir. Üzvlər əməkdaşlığa cəlb edilməzdən əvvəl onların adları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir və müvafiq razılıq əldə edildikdən sonra onlarla müqavilələr bağlanılır.
TKTA ilə əməkdaşlığa cəlb edilən ekpertlər qanunvericiliyin tələblərinə uyğun olaraq ödənişli əsasda fəaliyyət göstərirlər. Onların vəzifəsi təhsil müəssisələrinin və ya təhsil proqramlarının dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir. Akkreditasiya prosesi illik əsasda təsdiq edilmiş fəaliyyət planına əsasən, müvafiq qrafik üzrə həyata keçirilir və bu işlərin icrası üçün ekspertlərə qanunvericiliklə müəyyən edilmiş məbləğdə xidmət haqqı (vergi və DSMF xərcləri daxil) ödənilir".