ADA Universitetinin 2019-2020 tədris ili üçün nəzərdə tutulan qəbul planı tam dolub.
Universitetin qəbul və tələbə qeydiyyatı şöbəsindən FED.az-a bildirilib ki, builki tədris ilində 695 tələbə qəbul edilib. Onlardan 577-si səkkiz ixtisas üzrə bakalavr proqramlarına, 118-i isə dörd ixtisas üzrə magistr proqramlarına daxil olub.
Tələbələrin 54 faizi Bakı şəhərindən, 46 faizi isə bölgələr və xaricdəndir. Bakalavr ixtisasları üzrə universitetə builki Dövlət İmtahan Mərkəzi imtahanlarının orta keçid balı 538 təşkil edib. İxtisaslar üzrə ən yüksək minimum keçid balı isə hüquqşunaslıq üzrə 551 bal olub. Ötən illə müqayisədə I qrup üzrə universitetin informasiya texnologiyaları və mühəndislik fakültəsinə sənəd verən abituriyentlər imtahan nəticələrinə əsasən kompüter elmləri və mühəndislik ixtisasları üzrə minimum keçid balını 100 bal artırıblar.
ADA Universitetinə bu tədris ili qəbul edilən tələbələrin 50 faizi akademik göstəricilərinə əsasən müxtəlif təhsil güzəştləri qazanıb.