İqtisadi inkişafın tələblərinə və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ında nəzərdə tutulan keyfiyyət göstəricilərinin Avropa təhsil sistemlərinin standartlarına uyğunlaşdırılması istiqamətində UNEC-də ciddi işlər görülür.
FED.az xəbər verir ki, bunlardan biri ilk dəfə olaraq 12 iyul 2017-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin MBA proqramının “Mühasibat uçotu” və Beynəlxalq İqtisadiyyat Məktəbinin muhasibat uçotu və audit ixtisaslarnın Beynəlxalq Mühasiblər Assosiasiyasının (IFAC) üzvü olan ACCA-nın (Diplomlu və Sertifikatlı Mühasiblər Assosiasiyası) akkreditasiyasını əldə etməsidir.
Eləcə də bax: UNEC öz elmi tədqiqatlarını satacaq - YENİLİK
Akkreditasiya 01 yanvar 2018-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək 5 ili əhatə edir. Bu müddətdə magistratura və bakalavr pilləsində UNEC Biznes Məktəbinin MBA Proqramının “Mühasibat uçotu” ixtisası ACCA təşkilatında mühasibat və audit üzrə peşəkar səviyyəli akkreditasiya edilib. Bu o deməkdir ki, UNEC Biznes Məktəbinin MBA proqramının “Mühasibat uçotu” ixtisaslaşmasını 2017-2018-ci tədris ilindən etibarən bitirən magistrantlar ACCA akkreditasiyasının fundamental hissəsinin aşağıda qeyd edilmiş bütün fənlərindən azad olunurlar:
F1 –Biznesdə mühasib;
F2 – İdarəetmə uçotu;
F3 – Maliyyə uçotu;
F4 – Biznes hüququ;
F5 – Performansın idarəedilməsi;
F6 – Vergitutma;
F7 – Maliyyə hesabatı;
F8 – Audit;
F9 – Maliyyə menecmenti.
“Mühasibat uçotu” ixtisaslaşmasından başqa MBA proqramının digər ixtisaslaşmaları isə ACCA təşkilatının F1-F4 imtahanlarından azad olunur.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin muhasibat uçotu ixtisasının məzunları isə aşağıdakı ACCA sertifikatları ilə təltif oluna bilərlər.
- Accountant in Business (AB) (Biznes muhasibatlığı)
- Management Accounting (MA) (İdarəetmə uçotu)
- Financial Accounting (FA) (Maliyyə uçotu)
- Corporate and Business Law (LW) (Korporativ və biznes hüququ)
- Audit and Assurance (AA) (Audit)
- Financial Management (FM) (Maliyyə menecmenti)
- Performance Management (PM) (Performansın idarə edilməsi)
Qeyd edək ki, ACCA akkreditasiyasının fundamental hissəsinin fənlərindən azad olmaq və bu kvalifikasiyanı əldə etmək üçün əmək bazarında fəaliyyət göstərən beynəlxalq institutlarda və peşəkar təlim mərkəzlərində ən azı 2 il vaxt və kifayət qədər investisiya tələb edilir. UNEC, məzunlarını məhz bunlardan azad edib. Universitetin Biznes Məktəbinin MBA proqramı və Beynəlxalq İqtisadiyyat Məktəbi ACCA akkreditasiyasını əldə etməklə öz magistrant və tələbələrinin əminliklə karyera qurmasına şərait yaradır. UNEC-in sözügedən məzunlarını fərqləndirən ən əsas xüsusiyyət ondan ibarətdir ki, əmək bazarında uğurlu fəaliyyət göstərən rəqabət qabiliyyətli yerli və transmilli şirkətlər, maliyyə institutları, müstəqil audit firmaları və konsaltinq xidməti göstərən şirkətlər onlara qeyd-şərtsiz üstünlük verir. Çünki ACCA sertifikatı peşəkar dəyərlərə, iş etikasına və idarəetməyə xüsusi önəm verən beynəlxalq səviyyəli kvalifikasiya statusuna malikdir.
Sözügedən ixtisaslar üzrə UNEC-in 2018 və 2019-cu illlər məzunları artıq ACCA təşkilatının www.accaglobal.com internet ünvanına daxil olaraq sertifikat üçün müraciət edə bilərlər. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) növbəti illərdə bitirəcək şəxslərə də bu aiddir.
Xatırladaq ki, ACCA kvalifikasiyası İngiltərədə yaradılıb. Bu, maliyyə, uçot və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilikləri, bacarıq və yenilikləri, o cümlədən işgüzar dəyər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur.