Oktyabrın 26-da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində 6 №li məktəb-liseyin təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası Fibonacci intellektual yarışı”nın 2-cü mövsümünün rəsmi açılış mərasimi və ilk oyunlar baş tutmuşdur.
FED.az xəbər verir ki, rəsmi açılış mərasimi və ardınca keçiriləcək ilk oyuna Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı fəxri qonaqlar və media nümayəndələri dəvət edilmişdir.
Rəsmi açılış mərasiminə Azərbaycan Respublikasının Dövlət Himni ilə start verilmiş, ardından təşkilatçılar və dəvət olunmuş qonaqlar tərəfindən təhsilə müasir yanaşma, təhsil və gələcək, məktəb və cəmiyyət, eləcə də layihənin mahiyyəti haqqında çıxışlar baş tutmuşdur.
Açılış nitqlərindən sonra layihənin formatına uyğun qaydada hər birində 20 məktəbiin yer aldığı “Şərq” və “Qərb” liqaları üzrə oyunlar keçirilmişdir. “Şərq” liqası üzrə birinci oyunun qalibi Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin komandası, “Qərb” liqası üzrə isə birinci oyunun qalibi H.Əliyev adına Müasir Təhsil Kompleksini təmsil edən komanda olmuşdur.
Yekunda hər iki liqa üzrə ilk 3 yeri tutan komandalar sertifikat və müxtəlif hədiyyələrlə təltif edilmişdir.
Layihə haqqında
Layihənin başlıca məqsədi təhsillə yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblərarası əlaqələrinin möhkəmləndirilməsi və şagirdlərə aşağıdakı xüsusiyyətləri aşılamaqdır.
1. müstəqil düşünmək, sərbəst fikir söyləmək;
2. öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti;
3. özünü qiymətləndirmək;
4. əməkdaşlıq etmək (komanda şəklində işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi);
5. başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmaq;
6. öz fikirlərini arqumentlərlə izah və sübut etmək;
7. kreativ təfəkkürün inkişafı;
8. sosial fəallıq;
9. birgə həll yollarını müəyyənləşdirmək və qərar çıxarmaq.
Ümumilikdə layihəyə Bakı şəhəri üzrə 40 məktəbin cəlb edilməsi nəzərdə tutulmuşdur. Layihə üzrə 8 adi oyunun, 2 yarımfinal və 1 final oyununun keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə ölkədə və ölkə sərhədlərindən kənarda məhşur olan “Fibonacci” intellektual oyunları formatında təşkil olunacaqdır. Bu oyunlarını digər analoji intellektual oyunlardan fərqli edən cəhət onun unikallığı, sual və tapşırıq növlərinin rəngarəngliyi, Azərbaycan tarixi, coğrafiyası və mədəniyyətinə xüsusi yer verilməsi, həmçinin oyunun sinxron olaraq həm azərbaycan, həm də rus dilində keçirilməsidir.
Məktəblərin cari akademik fəaliyyətini nəzərə alaraq oyunların ayda iki dəfə, şənbə günləri keçirilməsi planlaşdırılır. Şagirdlərin motivasiyasının təmin edilməsi məqsədilə, onların yaş və maraq dairələrinin tələblərinə uyğun hər bir mərhələ oyununda və finalda qalib komandalara xüsusi hədiyyələrin təqdim edilməsi nəzərdə tutulmuşdur.
Yarış çərçivəsində təşkil ediləcək bütün oyunlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmilərinin, 6 saylı məktəbin fəxri məzunlarının, ziyalı və məhşur şəxslərin, eləcə də KİV nümayəndələrinin dəvət olunması planlaşdırılır.
Əlaqə vasitələri
Ünvan: AZ1000, Bakı şəhəri, Səbail rayonu, Ş.Ələkbərova 2.
Telefon: +994 50 264 02 63
Əlaqələndirici şəxs: Rəşad Kərimov
E-mail: [email protected]
Təşkilatçılar barədə məlumat
6 №li məktəb-lisey: Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsidir. 2008 və 2013- cü illərdə məktəb “İlin ən yaxşı məktəbi” adını qazanmışdır. Məktəb öz akademik nailiyyətləri ilə yanaşı, öz adlı-sanlı məzunları ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məktəbin yetirməsidir.
Layihənin sosial məsuliyyətini və həcmini nəzərə alaraq təşkilati işlər və şagirdlərə dəstək üçün layihəyə kənar müəssisə və təşkilatlar da cəlb edilmişdir.