COP29 çərçivəsində BANM-da tədbir keçirilib.
FED.az xəbər verir ki, Bakıda keçiriləcək COP29-a beynəlxalq ictimai dəstək üçün “Gənc Liderlər Vasitəsilə Ətraf Mühit Siyasətinin Dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunun panel müzakirələri SOCAR-ın Bakı Ali Neft Məktəbində baş tutub.
18 ölkədən gələn gənclərin iştirakı ilə baş tutan müzakirələrdən öncə BANM-ın rektoru Elmar Qasımov rəhbərlik etdiyi Ali Məktəbin hər zaman ekoloji məsələlərə xüsusi önəm verdiyini vurğulayıb. Bildirib ki, Ali Məktəbin kampusunun ərazisi tamamilə yaşıllaşdırılıb və burada müasir ekoloji standartlara uyğun yaşayış mühiti yaradılıb.
Bakı Ali Neft Məktəbi haqqında iştirakçılara ətraflı məlumat verən rektor vurğulayıb ki, qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlər BANM-ı seçirlər. Bu il də Ali Məktəb yenidən qəbul nəticələrinə görə ölkə birincisidir. Elmar Qasımov əlavə edib ki, Azərbaycan neft ixrac edən ölkədir. Ancaq yaşıl enerjiyə keçid də ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu istiqamətdə çox böyük işlər aparılır.
Sonra Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyinin (ADTGT) sədri Asif Əsgərli panel müzakirələrinə Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyinə görə təşəkkür edib.
Daha sonra qlobal ətraf-mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, eko könüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri davam etdirilib.
Yeri gəlmişkən Beynəlxalq Gənclər Forumu Azərbaycan Respublikasının Gənclər Fondunun (AGF) maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin (ADTGT) təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə keçirilir.