İstehlakçıların malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması onların hüquqlarını pozmaqla yanaşı, eyni zamanda bazarda sağlam rəqabət mühitinə də mənfi təsir göstərir. Bu səbəbdən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən belə halların aşkarlanması və qarşısının alınması məqsədilə mütəmadi nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir.
Dövlət Agentliyindən FED.az-a bildirilib ki, cari ilin yanvar-avqust ayları ərzində məhz istehlakçıların aldadılması halları ilə bağlı quruma 396 müraciət daxil olub. Müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib.
Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı agentlik tərəfindən 17 inzibati protokol tərtib edilib.
İstehlakçılar malın ölçüsünə, çəkisinə və hesabına dair aldadılması hallarında atılacaq addımlar, eləcə də bu sahədə mövcud hüquqi tənzimləmə alətləri barədə ətraflı məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılmış “istehlakchi.gov.az” portalı vasitəsilə əldə edə bilərlər.

















