Azərbaycana xaricdən idxal olunan mal ətinin mənşə ölkələri və idxal qiymətləri məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin ilin ilk 10 ayında (yanvar-oktaybr) Azərbaycana ümumi dəyəri 39 milyon 762 min dollar olan 9 min 708 ton iribuynuzlu mal əti (təzə, soyudulmuş və dondurulmuş) idxal edilib.
2024-cü ilin eyni dövrü ilə müqayisə edəndə mal əti idxalı dəyər ifadəsilə 735 min dollar və ya 1,9% artsa da, miqdar ifadəsilə 30 ton, başqa sözlə cəmi 0,3% azalıb. Yəni, idxalın fiziki həcmi demək olar ki, dəyişməyib. Xatırladaq ki, 2024-cü ilin yanvar-okatybr ayları ərzində Azərbaycana 39 milyon 27 min dollar dəyərində 9 min 738 ton mal əti gətirilmişdi.
Azərbaycanda avqustda bahalaşan ərzaqlar - MAL ƏTİ, QOYUN ƏTİ, SÜD, YUMURTA...
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal edilən mal ətinin 1 kiloqramının orta idxal qiyməti 6,97 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 6,82 manat idi. Bu da illik müqayisədə 15 qəpik və ya 2,2% bahalaşma deməkdir.
Hesabat dövründə Azərbaycanın mal əti idxal etdiyi ölkələrin siyahısında və onların payında ciddi dəyişikliklər baş verib.
Ukrayna: Ötən il olduğu kimi bu il də Azərbaycxana ən çox mal əti Ukraynadan idxal edilib. Amma onun payı əhəmiyyətli dərəcədə azalıb. Bu il Ukraynadan 23,2 milyon dollarlıq 5 min 125 ton ət idxal edilib. Bu, ötən illə müqayisədə dəyərcə 1,8 milyon dollar (7,2%), miqdarca isə 518 ton (9,2%) azalma deməkdir. Bu il Ukraynadan ətin 1 kiloqramı bir qədər bahalaşaraq 7,7 manata yüksəlib, ötən il qiymət 7,53 manat idi.
Braziliya: İkinci ən böyük tədarükçü mövqeyini möhkəmləndirib. Braziliyadan idxal dəyərcə 1,7 milyon dollar (27,3%), miqdarca isə 445 ton (21,8%) artaraq 7,7 milyon dollara və 2 min 482 tona çatıb. Bu il Braziliyadan ətin 1 kiloqramı 5,27 manata idxal edilib. Ötən il isə bu qiymət 5 manat idi.
Belarus: İdxal ötən illə müqayisədə dəyərcə 807 min dollar (20,1%), miqdarca isə 33 ton (3,2%) artaraq 4,8 milyon dollara və 1 055 tona yüksəlib. Bu il Belarusdan ətin 1 kiloqramı 7,7 manata idxal edilib. Halbuki, ötən il bu qiymət 6,7 manat idi.
Hindistan: Ən kəskin artım göstərən ölkələrdən biridir. Hindistandan idxal dəyərcə 919 min dollar (43,4%), miqdarca isə 227 ton (32,8%) artaraq 3 milyon dollara və 920 tona çatıb. Bu il Hindistandan ətin 1 kiloqramı 5,5 manata idxal edilib. 2024-cü ildə isə Hindistandan idxal olunan ətin 1 kiloqramının qiyməti 5,1 manat idi.
Rusiya: Rusiyadan idxal da əhəmiyyətli dərəcədə artıb. İdxal dəyərcə 72% artaraq 453 min dollara, miqdarca isə 15% artaraq 98,5 tona çatıb. Bu il Rusiyadan ətin 1 kiloqramı 7,8 manata idxal edilib. Ötən il bu rəqəm 1 kiloqram üçün 5,2 manat idi.
Digər yeni tədarükçülər arasında Yaponiya da var. Bu ölkədən 10,8 min dollarlıq 100 kq mal əti idxal edilib ki, bu da məhsulun yüksək qiymətindən xəbər verir. Bundan əlavə, İrlandiya və Kanada kimi ölkələrdən də cüzi həcmdə idxal qeydə alınıb ki, ötən il bu ölkələrdən tədarük yox idi.
Bununla yanaşı, ötən il mal əti tədarük edən bəzi ölkələr bu il bazarda təmsil olunmayıb. Ən böyük itki Pakistanın payına düşür. 2024-cü ilin 10 ayında Pakistandan 87,5 min dollar dəyərində 31,25 ton mal əti idxal edildiyi halda, bu il bu ölkədən tədarük tamamilə dayandırılıb.
Həmçinin, ötən il Lüksemburqdan (20,7 min dollar) və Misirdən (2,5 min dollar) həyata keçirilən kiçik həcmli idxal da bu il baş tutmayıb.











