Gələn il pensiyanın minimum məbləği artacaq.
"Sosial xərclərimiz Gürcüstan və Ermənistanın birlikdə həmin xərclərindən 2,5 dəfə çoxdur"
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı komitənin sədri Musa Quliyev deyib.
Musa Quliyev pensiyaların sığorta hissəsinin artacağını da bildirib: “Gələn ilin əvvəlində bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 % artacaq”.
Komitə sədri qeyd edib ki, DSMF-nin və İSF-nin büdcəsində gələn il üçün artımlar var: “Gələn il üçün olan artımlar imkan verəcək ki, bizim sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız, şəhid ailələrimiz və qazilərimizin daha çox sosial rifahları təmin olunsun. İSF-nin gələn il üçün nəzərdə tutulan büdcəsinin 50%-i aktiv məşğulluğa yönləndiriləcək”. (Apa)