2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin sosial xərcləri təxminən 10 milyard ABŞ dolları təşkil edəcək ki, bu da Gürcüstan və Ermənistanın birgə sosialyönümlü büdcə xərclərindən 2,5 dəfə çoxdur.
FED.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
O, həmçinin deyib ki, gələn il sosial xərclərimiz Ermənistanın ümumilikdə büdcə xərclərindən 67 % çox olacaq: "Bu rəqəmlər reallığı daha düzgün qiymətləndirməyə imkan verir".
Bundan başqa, deputatın sözlərinə görə, 2021 -ci illə müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var: "Vətən Müharibəsi başa çatdıqdan sonra 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olubsa, 2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə 15,5 milyard manat təşkil edib, 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə müqayisədə sosial xərclərdə 4,7 milyard manat artıq proqnozlaşdırılır". (Report)