Xəbər verildiyi kimi, 2018-ci ildən Azərbaycanda işsizlikdən sığortanın tətbiqi başlanıb. FED.az xəbər verir ki, yeni qaydalara görə, işçilər və işəgötürənlər işsizlikdən sığopta haqqı ödəyəcək, bunun müqabilində işçi işsiz qaldıqda işsizlikdən sığorta ödənişi alacaq. Sığopta haqqı maaşın 1%-i qədərdir, onu hərəyə 0,5% olmaqla işçi və işəgötürən birlikdə ödəyəcəklər.
Sığorta ödənişi isə işçiyə veriləcək. O halda ki, işçi ya ixtisar edilsin, ya da onun çalışdığı şirkət və ya təşkilat ləğv edilsin.
Yeni qaydalara görə, isizlikdən sığorta ödənişinin məbləği işçinin maaşından və sığorta stajından asılıdır. İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda, o orta maaşının 50 faizi; sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 faizi; sığorta stajı 10 ildən yuxarı olduqda isə 60 faizi həcmində sığorta ödənişi alacaqlar. Başqa sözlə, 3 ildən az müddətdə işləyənlərə sığorta ödənişi düşmür.
Amma bu ödəniş daimi olmayacaq. İşsizlər yuxarıda göstərilən məbləğləri bir neçə ay alacaqlar, sonra onların məbləği azalacaq. Yəni işini itirən şəxs ilk 2 ay ərzində məbləğin 100 faizini alacaq. 3–4-cü ayları üçün həmin məbləğin 80 faizi, 5–6-cı aylar üçün isə 70 faizi veriləcək.
Daha aydın olması üçün bunu misalla izah edək.
Orta aylıq maaşı 500 manat, stajı 10 ildən artıq olan şəxs işini itirəndə onun işsizlikdən sığorta ödənişi belə olacaq:
1-2-ci aylarda ayda 300 manat
3-4-cü aylarda ayda 240 manat,
5-6-cı aylarda isə ayda 210 manat alacaq.
Sonra isə 3 ay ayda 130 manat alacaq.
Orta aylıq maaşı 500 manat, stajı 5-10 il olan şəxs işini itirəndə onun işsizlikdən sığorta ödənişi belə olacaq:
1-2-ci aylarda ayda 275 manat
3-4-cü aylarda ayda 220 manat,
5-6-cı aylarda isə ayda 192,5 manat alacaq.
Sonra isə 3 ay ayda 130 manat alacaq.
Orta aylıq maaşı 500 manat, stajı 3-5 il olan şəxs işini itirəndə onun işsizlikdən sığorta ödənişi belə olacaq:
1-2-ci aylarda ayda 250 manat
3-4-cü aylarda ayda 200 manat,
5-6-cı aylarda isə ayda 175 manat alacaq.
Sonra isə 3 ay ayda 130 manat alacaq.
3 ildən az stajı olanlara işsizlik sığortası verilməyəcək
Yeni qaydalardan da göründüyü kimi işsizlikdən sığorta ödənişi almaq üçün minimum 3 il əmək stajına malik olmaq lazımdır. Əvvəlki qaydalarda isə belə tələb yox idi və işsizlik müavinətini almaq üçün istənilən işsiz müraciət edə bilərdi.
Eləcə də bax: Bağlanan bankların dövlətə də borcu varmış: SİYAHI+RƏQƏMLƏR
Eləcə də bax: Azərbaycanda hansı xidmət və məhsullar bahalaşdı: İnflyasiya açıqlandı
Eləcə də bax: Azərbaycan hökuməti xaricdən alıcı gətirəcək
Eləcə də bax: Vətəndaşlığı pulla satan ölkələr - SİYAHI