2016-cı ildə Malta vətəndaşlığı almış 2 min 200 nəfər içində azərbaycanlı da var. 2013-cü ildə ölkədə qəbul edilmiş qanuna görə, 650 min avro ödəniş edən istənilən şəxs Malta vətəndaşlığını əldə edə bilər. Bu məbləğin 70 faizi Maltanın Milli İnkişaf və Sosial Siyasət Fonduna, qalanı isə birbaşa dövlət büdcəsinə gedir.Avropa Birliyinə üzvlüyü və ABŞ-la vizasız rejimi nəzərə aldıqda Malta vətəndaşlığının böyük üstünlüklər vəd etdiyini demək olar.
Amma Malta vətəndaşlığını pul mübaqilində satan yeganə ölkə deyil.
Dünyada vətəndaşlığını pul və investisiya qarşlığında əcnəbilərə satan bəzi ölkələrin adlarını təqdim edirik.
Kipr
Ada dövlətdə vətəndaşlığı 3-4 ay ərzində rəsmiləşdirmək mümkündür. Bunun üçün dəyəri 2 milyon avrodan az olmayan kommersiya obyekti, yaxud eyni məbləğdə mülk alınmalıdır. Alınan mülk azı 3 il yeni vətəndaşın adına olmalı, yalnız bu müddət bitdikdən sonra satılmalıdır.
Antiqua və Barbuda adası
Karib dənizində yerləşən bu ölkə də öz vətəndaşlığını bütün əcnəbilərə təqdim edir. Vətəndaşlıq almaq üçün ölkə iqtisadiyyatına 400 min dollar investisiya yatırmaq və ildə azı 7 gün bu adada yaşamaq lazımdır.
Sinqapur
Asiyanın və dünyanın ən inkişaf etmiş ölkəsi sayılan Sinqapur cırtdan ölkə olmasına baxmayaraq, dünyanın 173 ölkəsi ilə vizasız rejimə malikdir. Bu ölkənin vətəndaşlığını əldə etmək üçün istənilən şəxs yerli iqtisadiyyata 1,8 milyon dollar investisiya yatırmalıdır.
Dominikan Respublikası
Qərb yarımkürəsində yerləşən bu dövlət 3-4 ay ərzində vətəndaşlığı rəsmiləşdirir. Dominikan vətəndaşı olmaq üçün 200 min dollar investisiya və azı 60 min dollar miqdarında vergi ödənilməlidir.
Qrenada
Qrenada istənilən yaş və sosial statusda olan əcnəbiyə vətəndaşlıq təqdim edir. Bunun üçün 350 min dollar dəyərində investisiya tələb olunur. Bu məbləğə ölkədəki elit əmlak yaxud turistik infrastrukur satın almaq olar.